
Bu gün dünyada şişmanlıqla bərabər, zəiflik, çəki azlığı da ciddi problemlər sırasındadır.
Məlumata görə, arıq insanların sağlam şəkildə çəki almaları da asan deyil. İnsanların aşağı çəki problemi ilə üzləşməsi həddən çox fiziki aktivlik, iştahsızlıq, yetərli miqdarda qidalanmamaq, həzm sistemində problemlər, xərçəng və hipertroidizm kimi enerji sərfini artıran xəstəliklər və psixoloji səbəblərlə (güclü stress, özün bəyənməmə, ağır depressiya) bağlıdır.
Zəifliklə mübarizə aparmaq üçün öncə zəifliyin səbəbi müəyyənləşdirilməli və ortadan qaldırılmalıdır. Qida məhsulları parazitlərdən təmizlənməli, psixoloji məsələlərlə bağlı isə bu sahənin mütəxəssisi olan insanlardan yardım alınmalıdır.
Pəhriz üsulu zamanı ilk mərhələdə şəxsin detallı olaraq qidalanma tərzi öyrənilir, daha sonra bədən analizi (yağ, əzələ və s.) aparılır, fiziki aktivliyi müəyyənləşdirilir. Bundan sonra ikinci mərhələdə pəhriz üsulu dəqiqləşdirilərək həyata keçirilir.
Zəiflikdən əziyyət çəkən bəzi insanlar qarşılarında çoxlu yemək görmək istəmirlər. Bu halda pəhriz zamanı səhər, nahar və axşam yeməkləri arasında az-az müxtəlif qida növləri yemək tövsiyə olunur. Qida həcmcə kiçik olsa da, enerji baxımından böyük olmalıdır. Məsələn, tortun üzərinə qoz, yaxud fındıq, südün içərisinə bal, qatıq və meyvə sularına şəkər əlavə etmək lazımdır. Yeməklər bişirilən zaman istifadə olunan yağın miqdarı da sağlamlığa zərər verməyəcək səviyyədə artırıla bilər.
Qida seçimində də bəzi yerdəyişmələr mümkündür. Məsələn, süd-qatıq yerinə südlü şirniyyat, yemək arası kök, bulka kimi yeyəcəklərdən istifadə etmək olar...


