teror

Şəfa Məmmədovanın rəfiqəsinə son sözü: “Ailə qurmaq üçün 30 yaşınadək gözləməyə dəyərmiş”

Füzuli
küçəsindəki 60 saylı binada, Məmmədovların yaşadığı evdə cəmi 18 gün
əvvəl toy xonçaları bəzənmişdi, yaxında-uzaqda yaşayan qohumlar,
dost-tanışlar bu həyətə toplaşıb gəlin köçməyə hazırlaşan Şəfanın
valideynlərinə gözaydınlığı verirdilər. Rəfiqələri, iş yoldaşları,
qonşuları Şəfanı tər çiçəklərlə, səmimi arzuları ilə təbrik edib, ona
“qoşa qarıyasınız, nəvəli-nəticəli olasınız” demişdilər….

Bu,
çoxdan deyildi, cəmi 18 gün əvvəl – aprelin 12-də Şəfanın ata evindən
gəlin köçən gün idi. Hələ şadyanalıq, toy əhval-ruhiyyəsi bu evdən
çəkilməmişdi, heç toy şirniyyatı da yeyilib qurtarmamışdı. Aprelin son
günü Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) silahlı basqın
pozdu bu düzəni. Cəmi 18 gün əvvəl Şəfanı gəlin aparmağa gələn
bərbəzəkli maşınların dayandığı həyətdə indi onun yas mərasimi üçün ağ
çadırlar qurulub.

Biz həyətə çatanda artıq ikinci çadır da
qurulurdu. Birinci çadır adamlarla dolu olduğundan yas mərasiminə
gələnlərin bir qismi ayaq üstə dayanıb ikincinin qurulmasını
gözləyirlər. Mərhum Şəfanın atası, “Respublika” qəzetinin əməkdaşı Afət
Məmmədova yaxınlaşıb başsağlığı verdikdən sonra gəlişimizin məqsədini
söyləyirik. Əlini ayaq üstə dayanmış insanlara doğru uzadıb “Mən nə
deyə bilərəm ki? Rəfiqələri, müəllimləri, iş yoldaşları buradadır,
gedin onlardan soruşun” deyir…

Hamının ürəyi doludur, amma heç
kəs danışa bilmir, kimi dindirirsən, ağzını açan kimi hıçqırıq boğur.
Təkcə Şəfanın ən yaxın rəfiqəsi, onunla eyni otaqda laborant işləyən
Mətanət Həsənquliyeva çətinliklə də olsa, danışa bilir.

“Mən
Şəfa ilə bir otaqda otururdum. Çox alicənab, təmkinli, savadlı, geniş
dünyagörüşü olan insan idi. Mən onu hələ tələbə ikən tanıyırdım.
Sonradan qismət elə gətirdi ki, hər ikimiz bir yerdə laborant işlədik”.

Qırmızı diplom

Şəfa
Məmmədova 1978-ci ildə Naxçıvanda anadan olub. Orta və ali təhsili də
elə orada alıb. Naxçıvan Dövlət Universitetinin biologiya fakültəsini
bitirdikdən sonra həmin ixtisas üzrə Bakı Dövlət Universitetinin
magistratura pilləsinə daxil olub. İki illik magistr təhsilini qırmızı
diplomla başa vurub. Ötən il isə aspiranturaya qəbul olub.

Mətanət
Həsənquliyeva deyir ki, onun rəfiqəsi heç vaxt oxumaqdan, öyrənməkdən
yorulmazdı: “Hətta işdən sonra da nə vaxt zəngləşirdiksə, deyirdi elmi
iş üzərində işləyir. İşdə boş oturmazdı, hətta çay içəndə də kitabı
əlindən yerə qoymazdı. Şəfa elə bir insan idi ki, onun haqqında nə
desəm, azdır, onun şəxsi keyfiyyətləri sözlə ifadə edilə bilməyəcək
qədər böyük idi. Kollektivdə hamıya nümunə idi, onun yanında artıq bir
hərəkət eləməyə də adam utanırdı. Elə ona görə də hamı çox istəyirdi
onu”.

Ağ gəlinlik

Rəfiqəsi
Şəfanın ata evindən gəlin köçdüyü günün təəssüratlarını bölüşmək
istəyir, ağlayır, bir anlıq özünü ələ alıb yenidən başlayır: “Aprelin
12-də bütün kollektiv onun toyuna yığışmışdıq. Onu gəlin maşınına necə
oturduğumuz, şadlıq evinə necə daxil olduğumuz indi gə gözümün
önündədir. Ağ gəlinlik paltarı necə də gözəl yaraşırdı ona?! Hələ
şokdayam, nə baş verdiyini ağlıma sığışdıra bilmirəm”.

Mətanət
Həsənquliyeva Şəfanın kəbin mərasimində onun şahidlik edib.
Münasibətləri o qədər yaxın olub ki, gələcək ailə həyatının necə
olacağı barədə saatlarla danışırmışlar: “Bundan əvvəl bir neçə dəfə
müxtəlif yerlərdən ona elçilər gəlib. Amma Şəfa bəyənməmişdi, deyirdi
ki, ailə qurmağa görə tələsmək lazım deyil. Bu oğlanı öz bəyənmişdi,
toyları “Tural” şadlıq evində oldu. Şahlara layiq bir toy idi. Hamı onu
o qədər çox istəyirdi ki, ürəkdən sevinirdilər bu toya”.

Şəfa
Məmmədova cəmi 18 gün yaşadığı ömür-gün yoldaşını çox bəyənibmiş: “Bir
qədər gec ailə qurdu. Həmişə deyirdi ki, qismətimi gözləyirəm, harada
olsa, özü ağ atlı şahzadə kimi gələcək… Hər şey iki ayın ərzində
oldu. Bu iki ay ərzində əvvəl nişan, sonra toy tədarükləri başladı və
aprelin 12-də toyları oldu”.

Şəfa Məmmədova 18 günlük evlilik
həyatından çox razılıq edirmiş. Həyat yoldaşının, qayınanasının isti
münasibəti qarşısında özünü dünyanın ən xoşbəxt qadını hesab edirmiş.

“Şəfa
gözləyib 30 yaşında ailə qurduğuna görə çox şükür eləyirdi. Deyirdi ki,
çox şükür ki, gözləməyinə dəydi, çox gözəl seçim elədim. Çox gözəl bir
ailəyə düşmüşəm, bütün qızlara, sənə arzu edirəm belə ailəni…” –
Mətanət Həsənquliyeva ağlaya-ağlaya danışır.

Qara xəbər

Rəfiqəsi
hər gün bir otaqda oturduğu Şəfanın gülləyə tuş gəlməsindən hadisədən
bir qədər sonra xəbər tutub. Müsahibimiz deyir ki, dünən o, hadisənin
baş verdiyi bina ilə üzbəüz yerləşən əsas korpusda keçirilən imtahanda
koordinator idi. Bu səbəbdən də səhər işə gələrkən elə birbaşa əsas
binaya gedib. Şəfa isə dərsi olduğundan iş otağının qapısını bağlayıb
getmək istəyib. Amma əvvəlcə kafedra müdiri Namiq müəllimə zəng vuraraq
onda açar olub-olmadığını soruşub.

“Namiq müəllim deyib ki,
məndə açar var, qapını bağla, get. Amma Namiq müəllim içəri girəndə
görüb ki, tələbələr bufetin qarşısında, pilləkənlərdə öldürülüb. Dərhal
Şəfaya zəng edərək koridora çıxmamağı, qapını bağlayıb içəridə
gözləməyi tapşırmaq istəyib. Ancaq Şəfa telefona cavab verməyib və o,
birinci dəfə Namiq müəllimlə danışan kimi otaqdan çıxıb. Dəhlizə
çıxanda silahlı adam onu başından güllələyib”.

Rəfiqəsi deyir
ki, onun özü də əl çantasını imtahan keçirilən binadakı kabinetə qoyub,
əsas iş otağına qayıtmaq istəyib. Bu zaman Namiq müəllim ona da zəng
edərək burada silahlı şəxslərin olduğunu və əraziyə girməyin mümkünsüz
olduğunu deyib: “Əvvəlcə düşündüm ki, Namiq müəllim zarafat eləyir.
Sonra gördüm ki, yox, məsələ ciddidir”.

Kafedra
müdiri Mətanət Həsənquliyevaya təhlükəli vəziyyətin yarandığını və buna
görə otaqdan çıxmamağı tapşırıb. O həmçinin Şəfa Məmmədovaya zəng
etdiyini, lakin telefona cavab vermədiyini də Mətanətə söyləyib və
deyib ki, Şəfaya zəng vursun: “Dayanmadan bəlkə 20 dəfə Şəfaya zəng
vurdum. Amma telefonu götürmürdü. Düşündüm ki, bəlkə də özü harasa
gedib, telefon çantada qalıb içəridə. Sonra Namiq müəllimə zəng vurdum
ki, Şəfa heç vaxt 10-un yarısınadək otaqda qalmır. Yəqin yenə dərsə
gedib və indi dərsdə olduğundan telefona cavab verə bilmir. Hətta mən
mesaj da yazdım ki, Şəfa, telefona cavab verə bilmirsənsə, mesaj yaz.
Bir az da gözlədim, xəbər çıxmadı. Artıq aləm qarışmışdı bir-birinə.
Dostunu axtaran kim, övladını axtaran kim… Axırıncı dəfə Şəfaya bir
də zəng vuranda bir oğlan cavab verdi. Soruşdum ki, telefonun yiyəsi
hardadır? Cavab verdi ki, biz meyit daşıyırıq, telefonu koridordan
tapmışam, kimin olduğunu bilmirəm. Bundan sonra nə baş verdiyindən
xəbərim olmadı”.

Mətanət Həsənquliyeva ilə söhbəti bitirib,
Şəfanın 18 gün əvvəl gəlin köçdüyü evə yaxınlaşırıq. Dar həyəti olan
ikimərtəbəli köhnə binanın qarşısında oturmuş qadınlar Şəfanın toy
şəkillərinə baxırlar…

Şəfanın ölüm xəbərinin onlara necə
çatdığını qardaşı Anar danışır: “Mən Naxçıvandaydım. Dünən Bakıda
atışma baş verdiyini eşidən kimi atamla əlaqə saxladım, gördüm ağlayır.
Dəqiq bir söz deyə bilmədi. Sonra yenidən zəng vurdum, dedilər ki,
Şəfanın ayağı sınıb, yaralıdır. Şəfanın meyitini rəfiqəsinin anası
morqda tanımışdı, o bizə xəbər verdi”.

…Şəfa Məmmədovanın 18
gün əvvəl gəlin, 1 gün əvvəl isə dünyadan birdəfəlik köçdüyü bu evi,
həyəti tərk edirik. Artıq yas mərasimi üçün qurulmuş ikinci ağ çadır da
hazırdır. Şəfanın nakam taleyinə ağlamağa gələnlər, kişili-qadınlı hamı
ağ çadırlarda oturub “Yasin”ə qulaq asır. Ətraf tam sakitlikdir, qəribə
bir sükut çöküb ortaya. Bakı küləyi ağ çadırların giriş qapısının
üzərindən asılmış qaralı-qırmızılı lenti dəyirman daşı kimi göydə
fırladır. Qırmızı-qara lent az qala yerindən qopub uçmaq, göylərə
qalxıb yox olmaq istəyir…

Ayselka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Ay Allah yaziq giz (((((((( cray
    Allah rehmet elesin, Ruhu wad olsun

  2. Devil_666 dedi ki:

    ALLAH REHMET ELESIN

  3. L_U_N_A_T_I_K dedi ki:

    🙁 Allah rehmet elesin 🙁

  4. HosT (aLLiAnCe) dedi ki:

    Allah rehmet elesin

  5. karamelka dedi ki:

    Bu dehsetdir!!! Allaha and olsun ki soz tapa bilmirem demeye….

  6. IzYuMinKa dedi ki:

    meymunka,
    ya_za

  7. BAKINKA dedi ki:

    MILAQROS,
    ya soqlasna Allah rehmet elesin

  8. Nergiz088 dedi ki:

    ALLAh rehmet elesin!Yeri cennet olsun!

  9. Azeri_Giz_Azeri dedi ki:
    ALLAH REHMET ELESIN….

    не возможно найти слов, это просто ужасно, только начала новую жизнь, а тут оказывается что это конец smiles

  10. meymunka dedi ki:

    ya_za vefasiz_giz,
    MILAQROS,

  11. MILAQROS dedi ki:

    ALLAH REHMET ELESIN HER BIRINE MEKANLARI CENNET OLSUN.AXIR QENIMIZ OLSUN INSHALLAH

  12. Optimist... dedi ki:

    Allah rehmet elesin, cox kederli heyatdir….bele heyat Allah hec kese qismet etmesin… cray