Ramazan Allaha qayıdış ayıdır…

Allah yaratdıqlarının bəzilərini müəyyən üstün cəhətlərlə digərlərindən fərqləndirib. Məsələn, insanların içindən peyğəmbərləri, günlərin içindən Zülhiccə ayının ilk 10 gününü, gecələrin içindən qədir gecəsini və s. 

seçmiş, onları digərlərindən üstün etmişdir. Ramazan ayı da bu seçilmişlər arasındadır. Quran bu ayda nazil edilmişdir. Orucun tutulması fərz olan yeganə ay da məhz, bu aydır. Oruc, dinimizin əsaslarından biridir.
O, forma və müddət baxımından fərqli şəkildə keçmiş ümmətlərə də əmr edilmiş bir ibadətdir. Oruc tutmada bir çox faydaların olmasına rəğmən, o, insan nəfsinə ağır gələn bir ilahi əmrdir.

Oruc Mədinədə hicrətdən il yarım sonra Şaban ayında Bəqərə surəsinin 183 -185-ci ayələri ilə fərz edilmişdir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. 

(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. 

Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar.
Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”.
Oruc yemə, içmə və şəhvət kimi istəklərdən nəfsin gün ərzində saxlanılmasıdır. Oruc kimi nəfsi tərbiyə edən, insanın özünə hakim olmasını öyrədən ikinci bir alternativ yoxdur. Ramazan ayı Allaha qayıdış, təmizlənmə, bağışlanma ayıdır. Əbu Hüreyrədən gələn hədisdə buyurulduğu kimi, bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları isə bağlanar, şeytanlar da zəncirlənərlər.
Əbu Hüreyrədən (r) rəvayət edildiyinə görə Rəsulullah (s) belə buyurub:
“Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

Digər bir hədisdə isə deyilir:
“İnsanın hər əməlinə qat-qat savab verilir. Bir yaxşılığın on mislindən yeddi yüz mislinə qədər savabı vardır. Allah təala deyir: “Orucdan başqa. O, mənim üçündür, mükafatını da mən verərəm. Çünki oruclu şəhvətini və yeməyini mənim üçün tərk edir”.
Oruclu üçün iki sevinc anı vardır: Biri iftar etdiyi zaman olan sevinci; digəri Rəbbinə qovuşduğu zaman olacaq sevincidir. Heç şübhəniz olmasın ki, oruclunun ağız iyi Allah qatında müşk iyindən daha yaxşıdır” (Müslim).
Oruc onu tutan bildirmədikcə heç kəsin bilməyəcəyi, riya və göstərişdən uzaq bir ibadətdir. Çünki orucun digər ibadətlər kimi görünən bir şəkli yoxdur. Bundan başqa müşriklərin ilahlarına yaxın olmaq üçün etdikləri ibadət növləri içində oruc yer almayıb.

Yəni, heç bir bütpərəst oruc tutaraq bütlərə ibadət etməmişdir. Bu yönü ilə oruc sırf Allah üçün yerinə yetirilən bir ibadət növüdür.
Orucluların və ya digər təbirlə desək, oruc tutmağa xüsusi önəm verənlərin, çox oruc tutanların Cənnətdə rəyyan adlı qapıdan çağırılması onlara xüsusi bir hörmətdir. Səhl ibn Səaddan (r) rəvayət edilən hədislərin birində Peyğəmbər (s) belə buyurub:
“Cənnətdə rəyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa oradan heç kəs keçməyəcəkdir”.
Vaxtında edilən iş, yaxşılıq və ibadətin dəyəri iki səbəbə görə böyükdür. Birincisi, edilənin yaxşılıq və ibadət olması, ikincisi isə vaxtında edilmiş olmasıdır.

Peyğəmbər (s) hər bir işdə olduğu kimi, bu iki xüsusu dəyərləndirmədə də bütün insanlara örnəkdir. O, bu ayda yalnız oruc tutmaqla kifayətlənməz, digər ibadətlərini də artırardı.

İbn Abbasdan (r) rəvayət olunan hədisdə belə deyilir:
“Rəsulullah (s) insanların ən comərdi idi. Onun ən comərd olduğu anlar da Ramazanda Cəbrayılın onunla görüşdüyü zamanlar idi. Cəbrayıl (ə) Ramazanın hər gecəsində onunla görüşər, Quran oxuyardılar. Bu səbəbdən Rəsulullah (s) Cəbrayıl (ə) ilə görüşdüyündə əsməsi üçün maneə tanımayan bərəkətli küləkdən daha comərd olardı”.
Hz. Aişədən (r) rəvayət edildiyinə görə isə “Rəsulullah (s) Ramazanda digər aylardan daha çox (ibadət etməyə) çalışardı. Ramazanın son on günündə də digər günlərdən daha çox ibadət edərdi”.
Hədislərdən də göründüyü kimi. Allahın rəsulu (s) bu ayda daha çox ibadət etmişdir. Ramazanın son on günündə isə etikafa çəkilərdi.
Allah təala insana məğfirətə (bağışlanma) nail olma yollarını, vasitələrini göstərmiş, üzünə mərhəmət qapılarını açmış və onu bağışlamaq, savab yazmaq üçün hər şeyi etmişdir. İnsan isə bu vasitələrdən az yararlanaraq sanki cənnətin səkkiz qapısının səkkizi də üzünə taybatay açılmış kimi axirəti üçün cüzi çalışır. Gəlin, heç olmazsa, bu aydan layiqincə yararlanmağa çalışaq, Allaha qayıdaq. Onsuz da bir gün ona qaytarılacağıq. Lakin o gün keçirəcəyimiz peşmanlığın heç bir faydası olmayacaq. Gəlin, bu aydan elə yararlanaq ki, arxaya döndükdə “təəssüf, bu aydan daha yaxşı istifadə etmədim; bu ayda daha çox yaxşı əməl edə bilərdim” və s. kimi ifadələri işlətməyək. Bu Ramazanı sanki ömrümüzün sonuncu Ramazanı kimi yaşayaq. Kim bilir, bəlkə bu, elə həqiqətən, sənin sonuncu Ramazanındır. Kim bu aydan bağışlanmamış çıxarsa, özünü qınasın, günah onun özündədir.

DaRk_AnGeL

Şərhlər:

  1. polo dedi ki:

    COX sagol allah komeyine catsin

  2. Angel_a dedi ki:

    Tewekkurler Allah razi olsun

  3. Tix_Tix_Xanim dedi ki:

    Allah razi olsun

  4. TARKAN dedi ki:

    sag ol cox maraqli idi

  5. Leonel-207 dedi ki:
    Allah razi olsun…eziyyetin ucun cox sag ol))
  6. SmaLL_DoLL dedi ki:

    Allah Orucunuzu qebul elesin..

  7. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….

  8. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…