“FÜRSƏTLƏR AYI”nda FÜRSƏTİ FÖVTƏ VERMƏMƏK…

“FÜRSƏTLƏR AYI”nda FÜRSƏTİ FÖVTƏ VERMƏMƏK...

Allah-Təalanın rəhmət, bərəkət ayı üzərimizə gəlmişdir. İslami mətnlərdən belə başa düşülür ki, nəinki insanlar mübarək Ramazan ayına doğru gedir, əslində bu mübarək ay öz bütün lütf, bağışlanmaq və mərhəmət dolu mahiyyətilə özü insanların üzərinə gəlir, həsrətində olanların yanına gəlir. Bu mübarək ayın bütün imkanlarından bəhrələnmək üçün Uca Allaha dua edir, Ondan xüsusi inayət diləyirik.

Mübarək ayın gözəl və nəcib xüsusatlarından bəhrələnmək üçün insan gərək öz fiziki, zehni, ruhi, psixoloji durumunu toparlasın, təmərküzləşdirsin. İnsan gərək hansı mənəvi səfərə, hansı İlahi ziyafətə gəldiyinin fərqinə varsın. Əgər Ramazan ayının həyatımıza təsirinin böyüklüyünü qiymətləndirmək istəsək, bu mübarək ayı “fürsətlər ayı” kimi adlandıra bilərik. O qədər böyük fürsətlər gizlənmişdir burada ki?

Fürsətlər bəhsi ən ciddi bəhslərdən biridir. İnsanlar bir çox hallarda fürsətlər əlindən çıxandan sonra o fürsətin əhəmiyyətini, qədrini, dəyərini anlayır. Yaşlaşmış, ahıllaşmış insan cavanlığının nə böyüklükdə nemət olduğunu başa düşməyə başlayır. Xəstələnən insan sağlamlığın necə nemət olmasını anlayır. Narahatlıqlara, sarsıntılara, nigaranlıqlara düşən insan əmin-amanlığın qədrini bilməyə başlayır. Çətinliyə düşən insan asudəliyin nemətliliyini anlayır. Uşaq tərbiyəsi ilə də elədir. Uşağın müəyyən yaş periodları var ki, bunların hər birində müəyyən tərbiyəvi və əməli məsələlər həyata keçirilməlidir. Vaxtında eləməsən, fürsəti əldən vermisən.

Ötən günün qədri

Beləliklə, ümumi halda fürsət odur ki, müəyyən işləri gərək müvafiq vaxtlarda görəsən. Eyni zamanda nemətin insanın sərəncamında olduğu zaman bu nemətin qədrini bilmək də fürsət mövzusunda ehtiva olunur. Məsələn, dərs oxumaq fürsəti. Çox adamlar arzu edir, istəyir dərs oxusun, təhsil alsın. Amma artıq yaşı o yaş deyil. Artıq vəziyyəti o vəziyyət deyil. Amma o vaxt ki fürsəti vardı, bəhrələnməyib.

Yaxud 15-25 yaşlarında insanda fövqəladə hafizə imkanları, qavramaq qabiliyyəti, əmək qabiliyyəti, sağlamlıq durumu var. Amma bu yaşda olan insanların nə çoxu vaxtının, enerjisinin, potensialının bəlkə bir faizini də elmləri mənimsəməyə sərf etmir. 10 il, 20 il keçir, bir az yaşlananda artıq elmlənməyin zəruriliyini başa düşür insan, amma artıq fürsəti əldən verib. Nə fiziki, nə psixoloji, nə fizioloji imkanlar əvvəlki kimidir, nə də yaradıcılıq potensialı. Deyəcək, mən nə qəribə iş tutmuşam. Mən nəcə də havayı yerə ömür-günümü sərf etmişəm, fiziki, əqli, ruhi potensialımı necə də boş-boş israf etmişəm. Nə qədər itirmişəm. Fürsətlərdən nə qədər bəhrələnməmişəm! Amma nə fayda? İndi bu fürsətlər artıq yoxdur. Qəribəsi odur ki, gəncliyini hədər yerə israf etdiyini başa düşən insan heç də avtomatik olaraq sonrakı ömrünün qədrini bilmir və heç də bütün fürsətləri qənimət saymır.

Sonrakı peşmançılıq

Allah Təbarəkə və Təala hər bir işdə fürsətlər müəyyən edib. Öz lütfü, inayəti ilə hər bir iş üçün zəruri şəraiti təqdim edir insan üçün. Amma insan bu şəraiti görməz, yaxud görmək istəməz. Məsələn, dərs oxumaq fürsəti insanın əlində olanda valideynləri qulluğunda durur, heç nəyin fikrini çəkməyə qoymur, məişətini, güzəranını təmin edirlər. Ağlı yerində, zəkası təmiz, hələ çirklənməmiş. Sağlamlığı, enerjisi, səbri, həvəsi – xülasə, hər şeyi hazır. Fikri-zikrini tam yönəldə bilər tədrisinə. Amma oxumur ki, oxumur. Gününü harada deyirsən keçirir, nə deyirsən edir, amma dərslərilə maraqlanmır.

İllər keçir, insan istəyir təhsilini dərinləşdirsin, artırsın. Amma artıq vaxtı yoxdur. Zamanında 10-12 saat vaxt ayırmağa imkanı vardı tədrisinə. Amma indi 2 saat ardıcıl vaxt tapa bilmir. Bir çox işlər var beləcə. İstər insanın özü ilə bağlı, istərsə də Allaha bəndəliklə bağlı mövzularda. Bu baxımdan fürsət mövzusu son dərəcə mühüm bir mövzudur. Heç bir mübaliğə etmədən deyə bilərik ki, mübarək Ramazan ayı fövqəladə və misli olmayan bir fürsətdir. Allah lütf edib insana, ona ağıl, şüur, iradə, məsuliyyət hissi, anlama, dərk etmə verib, sağlamlıq verib, bütün zəruri imkanları verib. İnsan kamilliyə yetişə bilər bu ayda. Bağışlana, rəhmətə qovuşa, cəhənnəm odundan xilas ola bilər. Seçim özünündür. Fürsətdən faydalana da bilər, əhəmiyyət verməyə, onu heç görməyə də.

Fürsət bir buluddur

Allah-Təala bir mübarəklik müəyyən edib Ramazan ayında. Hər mənada gəlişini göstərir bu ay, insanı yeknəsəklikdən, robotlaşmadan ayıldır. Bir-birini əvəzləyən eyni cür boz günlərin mənasız axımından ayrılmağa dəvət edir insanı bu ay. İnsanın fikri, diqqəti, vücudu təmərküzləşir bu ayın ətrafında. Hətta bir çox məsələlərdə biganə olanlar da bu ayın nə vaxt gələcəyi barədə, nə etmək lazım olması barədə maraqlanırlar. Sanki bir güclü daxili energetika var bu ayda ki, laqeydləri də tərpədir, həyatlarını mənalandırmağa doğru heç olmasa bircə addım da olsa atmağa sövq edir. Bu mənada mübarək Ramazan ayı nəcib bir fürsətdir.

Dinimizin fürsət barədə buyurduqlarına bir diqqət edək. Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: “Fürsət bir bulud kimi ötüb keçər. Belə isə yaxşı fürsətləri qənimət bil”. Yeri gəlmişkən, bu, özü ayrıca bir böyük bəhsdir – fürsətin buludla müqayisəsi. Bulud bir cür olan şey deyil. Buludun növləri var: topa buludlar, lələkli buludlar. Yerə daha yaxın olan, nisbətən daha uzaq buludlar var. Rənginə görə, tərkibinə görə fərqlənir buludlar. Mövsümə və ilkin əmələ gəlmə məkanına görə də xeyli fərqlənir buludlar – hərəsinin öz xüsusiyyətləri var. Fürsət də belədir. Bulud rəngarəng olduğu kimi, fürsətlər də çeşidli və rəngarəngdir.

Qədim fəlsəfi fikirlərə müraciət etsək, görərik ki, bulud bir simvolik anlamdadır. Onların göydə süzməsi böyük rəmzi məna daşıyır. Buludlar göydə üzür və böyük-böyük əraziləri davasız-filansız fəth edirlər, insana da, mühitə də təsir edirlər. Fürsətlər də insanın bütün həyatını dəyişəcək bir əhəmiyyət kəsb edirlər. Bu an o buluddan bəhrələndin – yaxşı, bəhrələnmədin – özün itirmisən. Fürsət də elədir. O vaxt ki, sənin üçün hazırdır, bəhrələnmisənsə, demək, necə deyərlər, fürsəti fövtə verməmisən.

İşlər öz zamanlarının girovlarıdır

Fürsətlər bir qənimət kimidir. Elə deyil ki, həmişə insanın əlinin altında olsun. Bir bağban əgər ağac, gül əkmək istəyirsə, bunun üçün müvafiq torpaq, su, gübrə, iqlim şəraiti gərəkdir. Bunlar oldu, gərək fürsətdən yararlansın. Ötüb keçsə, artıq bir şey edə bilməyəcək. İmam Əli (ə) buyurur: “Fürsət tez keçən və gec tapılandır”. Bəhrələndin fürsətdən -? sənindir, itirdin imkanı – daha fürsət sənin deyil. Artıq məlum deyil nə vaxt birdə belə fürsət gələcək əlinə. Yiyə durmadın vaxtında, artıq sonralar tapa bilib-bilməməyin sual altındadır.

Başqa bir yerdə Həzrət Əli (ə) buyurur: “İşlər öz zamanlarının girovlarıdır”. İnsan gərək fürsəti qənimət bilib işi öz zamanında görsün. Hər vaxtın öz işi var. İnsanın saatı da belədir, günü də, ayı da, ili də. Bu saat bir iş görməlidir, amma başqa məsələlərə başı qarışıb. Nəticədə nə gördüyü bir işin bərəkəti olur, nə də zəruri olan işi yerinə yetirə bilir. Yaxud dərs vaxtı oyun oynayır, oyun vaxtı dərs oxumağa cəhd edir. Pis vərdişləri özündən xaric etmək istəyir, amma lazımi vaxtı buraxıb, illər keçib, indi nə qədər səy edirsə, artıq xasiyyətlər canına elə hopub ki, heç cür qopara bilmir. Mübarək Ramazan ayı hər bir insan üçün belə bir fürsətdir. Vücudu tənzimləmək üçün, insanın özü ilə məşğul olması üçün bir mənəviyyat hovuzudur. Necə ki, çirkli cismi suda yusan mütləq təmizlənər, eləcə də kəsavət bağlamış, his-pas tutmuş qəlbi mənəviyyat hovuzunun içərisində yaxalayan insanın islahı labüddür.

Oruc tutduğun gün gərək fərqlənsin

Bu kontekstdə gərək müəyyən edək ki, vücuda nəzər saldıqda nələrə xüsusi diqqət yetirmək lazımdır. İnsan özü müəyyən etməlidir ki, nələri, hansı xüsusiyyətlərini daha səylə, daha diqqətlə “yumalıdır”. Əgər hansısa xislət qəlbinə daha dərin hopubsa, onu gərək daha dərindən, daha diqqətlə təmizləsin. Bu mənada oruc ən gözəl vasitələrdəndir. İmam Cəfər Sadiq (ə) buyurur: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun”. İmam (ə) digər əzaları da sadaladıqdan sonra buyurdu: “Oruc tutduğun gün, gərək oruc tutmadığın gün ilə eyni olmasın”.

Yəni oruc bir o deyil ki, insan yeməkdən və içməkdən imtina edir. Oruc o deyil ki, insan qidadan çəkinir. Fiziki məsələlərlə yanaşı, insan mənəvi pəhrizkarlığa riayət etməlidir. Deyilir ki, insanın durumu fərqlənməlidir. Məsələn, qulağı götürək. Qulağın fərqlənməsi nə forma, nə də digər bu kimi amillə başa düşülməməlidir. Qulağın əsas funksiyası eşitməyi təmin etməkdir. Demək, mübarək Ramazan ayında qulağın fərqlənməsi, insanın haram olan şeylərə, ümumiyyətlə, xoşagəlməz şeylərə qulaq asmaması ilə səciyyələnir. Adi gündə yalan danışmamaq, söyüş söyməmək, böhtana, qeybətə qulaq asmamaq, harama doğru getməmək, harama əl uzatmamaq nə qədər əhəmiyyətlidirsə, oruc tutan zaman buna xüsusi diqqət yetirmək lazımdır.

Gözün fərqlənməsi odur ki, öz funksiyasına uyğun olaraq, insanın nəyə baxmasını müəyyən edir. Adi vaxtda harama baxmaqdan nə qədər çəkinirsə, oruc tutanda bu çəkinmə xüsusi nəzarət altında olmalıdır.

Qəlb də elədir. Nə buraxarsan qəlbinə, o da orada məskən salar. Pis fikirləri qovmazsan, kontrolu zəiflədərsən – bir də görərsən iş-işdən keçib, qəlb sui-zənn və pisgümanlığın münbit torpağına çevrilib. Oruc tutanda qulağını da, gözünü də, hara getdiyini də, nə düşündüyünü də, nə danışdığını da xüsusi tənzimləməlisən. Bütün cismi, bütün varlığı xüsisilə Allah istəyənə yönəlməlidir insanın bu zaman. Adi haldan daha şiddətli, daha mübarək bir durumda olmalıdır insan.

Günah yandıran ay

Burada əsas şərt odur ki, cismi insanın ixtiyarında olsun. Cisim insanı öz ardınca aparmasın, insan öz cismini idarə etsin. Eyni zamanda, bu günü dünəninə bənzəməsin. Oruc tutmadığı gündən fərqlənsin. Varlığı təzələnsin. Necə təzələnsin? Formaca yox, məzmunca. Daha mehriban, daha əxlaqlı, daha pəhrizkar, daha diqqətli, daha şəfqətli, daha məsuliyyətli olsun insan. Tərəvətlənməli, inkişaf etməli, yeni bir duruma gəlməlidir insanın durumu.

Başqa bir nəcib fürsət ki, var bu ayda günahların yandırılması ilə bağlıdır. Bəlkə də başqa bir ayda insan bunu çox istəyə, amma o qədər effektli olmaya, o qədər də təsirli alınmaya. Günahları xəzəl kimi tökə bilər insan Ramazan ayında. Və bunların varlığına vurduğu zəlalət və yaralıarı elə təmizləyə bilər ki, izi də qalmaz. Ramazan ayının adında qoyulub bu keyfiyyət. Böyük İslam Peyğəmbəri buyurur: “Ramazan ayı günahları yandırdığına görə ”Ramazan” adlandırılmışdır”.

Yəni bu ayın elə işi-gücü günahları məhv etməklə bağlıdır. Amma bu ay gəlib insanın yerinə günahları yandırmayacaq. İnsan özü bu ayın fürsətlərindən yararlanaraq, günahları məhv edə bilər. Bu, insanın Günəşdən bəhrələnməsinə bənzəyir. Küçəyə çıxıb, özünü Günəşin şüalarına verirsə insan, bu şüalar onu isidəcək, işıqlandıracaq. Amma qapı-pəncərəni bərk-bərk bağlayıb, pərdələri də çəkibsə, insan Günəş işığından faydalana bilməyəcək.

Gün hamı üçün var, amma kimisə bundan yararlana bilir, kimisə məhrum olur. Nə qədər insan bəhrələnsə, Günəşdən azalmaz. İlahi rəhmət də belədir. Nə qədər insan faydalansa, rəhmət tükənməz.

Mübarək ayın xüsusatlarından biri də İlahi rəhmətdən bəhrələnmə fürsətidir. İslam Peyğəmbəri (s) buyurur: “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz”. Bu ayın digər nəcib fürsəti bağışlanmaqla bağlıdır. İnsan bağışlanmaq istəsə, Allah Təala bu ayda bunun üçün gözəl fürsətlər müəyyən etmişdir. Və bu ayda bağışlanmayanı dinimiz uğursuz sayır.

Fürsətləri bu gün-sabaha salmamaq

Gördüyümüz kimi, bu ayın fürsətləri çoxdur. Əsas odur ki, insan bu fürsəti bu gün-sabaha salmasın. Bu fürsəti elə itirər ki, heç özünün də xəbəri olmaz. Həzrət Peyğəmbəri (s) cənab Əbuzərə buyurur: “Ey Əbuzər! Arzunun təsirindən bu günün işini sabaha saxlamaqdan ehtiyat et. Çünki sən sabahda yox, bu gündə yaşayırsan. Əgər sənin üçün sabah açılarsa, sabah da bu gündə olduğun kimi ol (o günün işini gör) və əgər sənin üçün sabah olmasa, bu günün işində səhlənkarlıq etdiyinə görə peşman olmayasan”.

Hər günün öz məsələləri, öz işi-gücü var. İnsan uzun-uzadı arzuların ardınca gedib, öz bugünkü işlərinə səhlənkar yanaşmamalıdır. Həzrət Əli (ə) öz dostlarından birinə yazdığı məktubunda buyurur: “Ömründən sənə nə qalıbsa, əldən vermə və ”sabah və birigün” demə. Çünki səndən qabaqkılar öz arzularına arxayın olduqları və “bu gün-sabah” etdiklərinə görə məhv oldular. Belə ki, Allahın (ölüm) fərmanı bu qafilləri gözlənilmədən haqladı”.

Allah-Təala cəmi insanlar bu mətləbləri dərk edib, onlara uyğun mənalı həyat sürənlərdən qərar versin, inşəallah! Allahım! Bizə Öz ayının bütün bərəkətlərindən bəhrələnməyi nəsib et! AMİN!

Angelocka

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    sagol heyatim menim! ALLAH RAZI OLSUN!

  2. Angelocka dedi ki:

    the 13th Warrior,
    Cooxxx sagol dostikim..Allah senden razi olsun..Cox sagol senin ve butun muselmanlarin Cume Gunu Mubarek..Amin angel

  3. the 13th Warrior dedi ki:

    Angelocka——–Allah razi olsun. Cume gununuz mubarek.

  4. Angelocka dedi ki:

    MILAQROS,
    Sende sagol bitanem allah sendende razi olsun opucuk

  5. MILAQROS dedi ki:

    ALLAH RAZI OLSUN CANIM SAGOL

  6. Angelocka dedi ki:

    memi_,
    Cox sagol rey yazan ellerin yorulmasin angel

  7. memi_ dedi ki:

    MARAQLIDIR OXUMAGA DEYER

  8. Angelocka dedi ki:

    aznetin_gozeli,
    Sende sagol bitanem allah sendende razi olsun opucuk

    badi_Seba,
    Cooxxx sagol awkim awkim allah sendende razi olsun opucuk

    )(akker,
    Sende sagol dostikim reyin ucun ureyim

  9. )(akker dedi ki:

    xebere gore cox saqol

  10. Badi_Seba dedi ki:

    canim Allah razi olsun… opucuk

  11. МиниК_Сердце dedi ki:

    Allah senden razi olsun. heart heart