ZAMİQLƏ MÜSAHİBƏ

– Zamiq görüşməyə belə vaxtın yoxdur, bütün günü məşğulsan. Hamı kimi klip çəkdirir, mahnını təbliğ edirsən…

– Bəlkə də boşluq var, bəlkə böyük kütləni cəlb edə bilmirik. Lakin mən bunu hiss etmirəm. Hamının işi çoxdur. Özümdən götürürəm, proqramımı elə qurmuşam ki, idman, görüş, rəqs, musiqi vaxtım var. Bir də boş vaxt qalır, o da axşam yatmaq vaxtıdır. Demək istəyirəm ki, mən bunu hiss edə bilmirəm.

– Mən gündəlik həyatdan yox, səhnədəki boşluqdan danışıram. Hər şey adidir. Səhnədə partlayış görünmür…

– Gəl, belə danışaq, əvvəllər türkiyəli müğənniləri gələndə 5 gün konsert versə də, yenə salon dolurdu. Amma indi başqa cürdür. Əcnəbi müğənnilərə belə maraq yoxdur.

– Səhnədə vur-tut 5 il olan İlhamə Qasımova indi Avropa hit-paradlarında boy göstərir.

– Başqa müğənnilər də ölkə xaricinə çıxmağa cəhd göstərir. Ən azı klip çəkdirir. Mən yaxın vaxtlarda Türkiyədə oldum, məşhur sənətçi və bəstəkar Səlami Şahinin mahnısını oxudum. Ölkə xaricinə can atmaqla deyil ki, ən vacib olan büdcədir. Gərək geniş imkanın olsun.

– Sənin imkanın yoxdur?

– Dolanırıq da, şikayətim yoxdur.

– Yeni nəsil kişi müğənniləri arasında ən populyar və tələb olunansan. Bütün Azərbaycanı əhatə edən “Doğma diyar” turnesi təsdiqlədi ki, Röya və Zamiqə tələbat var. Bununla yanaşı, siz də sanki bununla qane olurmuş kimi görünürsünüz. Təkcə Azərbaycan şou-biznesi üçün işləyirsiniz.

– Ən azından Türkiyə şou-biznesinə can atırıq. Röya da, mən də Türkiyədə kliplər çəkdirirmişik. Mən Türkiyədə dəfələrlə açılışlarda, tədbirlərdə çıxışlar etmişəm. Bu can atma bizdə də var.

– “Niyə Azərbaycanın da meqa-starı olmasın” – deyə özünə sual vermisən?

– Niyə də yaranmasın? Mən də istəyirəm.

– Belə düşünürəm ki, siz sənətə yatırımdan çox, güzərana fikir verirsiniz…

– Bir məqamı diqqətinə çatdırım. Mən sənətə təzə başlayanda hər şey belə deyildi. üç il öncəyə qədər yataqxanada yaşayırdım. Bəs mən nə vaxt güzəranımı düzəldəcəkdim? Həyatımı atım boşa, pulu işimə qoyum, gəlib evə güzəranıma baxım ki, şəraitsiz, hamamı ayaqyolusu bir yerdə olan evdə yaşayıram. Ev də lazımdı. İnsanın daxili dünyası gözəllik tələb edir. Evə gələndə də gözəllik görməlisən. Demirəm ki, hər şeyi maddiyyat həll edir.

– Başa düşürəm, çox şükür ki, istədiyini əldə edə bildin də artıq…

– Yox. Demək olmaz ki, mənim istədiklərim təkcə bu idi.

– Bəs nə istəyirsən?

– Dünyada tanınmaq istəyirəm. İstəyirəm hər yerdə tanınım, dünya musiqiçiləri ilə işləyim, kliplərim başqa ölkələrin telekanallarında yayımlansın. Amma çox adam elə düşünür ki, Zamiq çox qazanır, pulu çoxdur. Vallah, mənim buna gücüm çatmır.

– Tünzalə Ağayevanın da maddi imkanı çatmır. Amma tez-tez ölkədən kənar onu səfərlərdə, konsertlərdə görürük.

– Biz də çıxırıq. Mən də dövlət xətti ilə başqa ölkələrdə konsert verirəm.

– Onlar qazancdan çox, işi düşünürlər.

– Mən onları səmimi qəlbdən dəstəkləyirəm. Allah onlara kömək olsun. Mən də lazım olsa, dəstək üçün hazıram. Deyə bilmərəm ki, o bundan, bu ondan artıqdır.

– O vaxt da sənətə gələndə başlanğıc üçün pulun yox idi, kim sənə kömək etdi?

– O vaxt da, bu vaxtda fərq yoxdur. Sadəcə o vaxt sənətə gəldim və bu gün də inkişaf var.

– İnkişafı nədə hiss edirsən?

– Verdiyim konsertlərdə.

– Səni indi olduğun yer, status bezdirmir? Yəni, bundan yaxşısını istəmirsən?

– Həmişə çalışıram. çalışdığımın bəhrəsini Allahdan istəyirəm. Heç vaxt qarşıma məqsəd qoymuram.

– Niyə? Amma səhnəyə təsadüfən gələn qadın müğənnilər daha çox məqsəd, hədəf seçirlər. Sən istedadın ola-ola özünə məqsəd, hədəf seçmirsən.

– Yox. Mən o arzuya tərəf gedirəm. Amma olmursa, özümü öldürməklə deyil. Deməli, Allah bunu məsləhət görmür. Bu dəqiqə qarşıma boş-boş məqsəd qoyum ki, Fransanın, İngiltərənin ən tanınmış ulduzu olacağam. Bu məqsədə doğru addımlamalısan, bəhrəsini Allahdan istəməlisən. Bu dəqiqə mümkün deyil. Mənim büdcəm buna imkan vermir.

– Sən ingilis dilini yaxşı öyrənə, repertuar seçə, internet vasitəsilə oradakı musiqi şirkətlərinə göndərə bilərsən…

– Hələ Türkiyədə tanınaq, qalan dövlətlər qalsın…

– Səninlə ikinci söhbətdir ki, inanclı olduğunu hiss edirəm.

– çoxdur inancım.

– Amma sənətinlə bu inanc üst-üstə düşmür. Sənin olduğun yer günahların çox olduğu yerdir.

– Mən heç də elə düşünmürəm. Hər şey insanın özündən asılıdır. Pislik ürəkdə olur. Onun sənətə nə aidiyyatı var?

– Söhbət daxili aləmdən yox, əməldən gedir.

– Fərqi yoxdur. İnsanın əsas qəlbidir. Hamı yalan danışır. Elə yalan var ki, insanı xilas edir. Bizim olduğumuz şou-biznesi ən gözəl iş sayıram. Mən neynirəm? Kimin haqqını yeyirəm? Əgər elə bir şey olsa, Allah məni sabaha sağ çıxarmaz… Hamımız həyatımızın rəsmini çəkirik, o dünyada həyatımızın rəsmi açılacaq. Kim özünü necə çəkir-çəksin. Mən nə olduğumu bilirəm. Bu gün olduğum yerdən razıyam. O demək deyil ki, özümdən razıyam. Allahımdan razıyam. Və şükür edirəm.

– Daşıdığın keyfiyyətlərdən razısan?

– Bilirəm ki, pis işlər görmürəm. Hər gün yatanda Allaha dua edirəm ki, Allah məni pis əməldən, pis insandan uzaq etsin. Canım sağdır, ətrafım gözəldir və olduğum yerdən razıyam. Allah məni qaldırsa, yaxşılığa doğru qaldırsın.

– Ətrafında arxa-dayağın, ürəyin dolu olanda açılmaq istədiyin dostların var?

– çoxdur. Keyfiyyətli insanlar çoxdur. Dövlətimlə fəxr edirəm. Səmimi deyirəm. Sevinirəm, Azərbaycanda imanlı insanlar çoxalır.

– Bəlkə özünü həvəsləndirmək istəyirsən?

– Yox. Mən bu sözü daha çox başqa ölkələrdə deyirəm. Olduqca səmimiyəm!

– Amma sən həmişə gərginsən, bu nə ilə bağlıdır?

– Gərgin deyiləm. Haqsızlığı sevmirəm. Olmayan, ağlıma gəlməyənləri deyəndə, eşidəndə deyirəm, bu necə həyatdır?!

– Amma mənə elə gəlir ki, sənin komplekslərin var. Özün də görürsən?

– Hə var. Bilirəm ki, var. O əslində məsuliyyətdir. Bütün məsuliyyətli insanların kompleksi var. Səhnəyə çıxanda böyük məsuliyyət hissi keçirirəm, gərgin oluram. Ancaq müəyyən müddət keçəndən sonra hər şeyin qaydasına düşdüyünü hiss edib düzəlirəm.

– Biri var konsert həyəcanı, biri də var adi gündə gərginlik.

– Adi gündə mən səninlə müsahibəyə oturanda da həyəcanlı oluram. Mənə elə sual verə bilərsən ki, cavab tapmaqda çətinlik çəkərəm. Hər işin məsuliyyəti var. Bu da məni çəkindirir, lakin bunu özümə yaxşı cəhət bilirəm. Mənfi hal kimi qəbul etmirəm.

– Düşünmürsən ki, özünə əmin olmalısan?

– Özünə əminlik həm də özündən razı olmaq deməkdir. Mən işimə əminəm. Lakin bu məsuliyyətdir. Xaric oxuya bilərəm, ritmdən çıxa bilərəm. Bu da məndə sıxıntı yaradır. Amma eyni zamanda inanıram ki, hər şey yaxşı olmalıdır. Lakin musiqiçilərdən asılılığım var. Qaydasında olmayanda rahat olmuram. Bu da gərginlik yaradır.

– Günün neçə vaxtı Zamiq və neçə vaxtı musiqiçi Zamiq olursan?

– Günortayadək və gecə saat 1-2 dən sonra Zamiq oluram. Qalan vaxtlar musiqiçi Zamiqəm.

– Kimin yanında özünü rahat hiss edirsən?

– Hər yerdə rahatam. Bəzən elə yerdə elə insanlar var ki, onlar mənə mənfi enerji verir. Bəzən elə danışırlar ki, baxıram fikirləşirəm ki, bu necə yaşayır…

– Deməli çox xırdaçısan…

– çox! O insan mənimlə dialoqda deyil heç, başqa söz danışır. Ona görə də, mən az adamla ünsiyyət qururam. Niyə o insanlarla ünsiyyət qurmalıyam?

...::EMERALD::...

Şərhlər:

  1. BAYACAM dedi ki:

    COX SAQOLUN XEBERE GORE.TWK. twk

  2. Pî§KøpÂT dedi ki:

    XEBERE GORE COX SAGOL

  3. ...::EMERALD::... dedi ki:

    DEYMEZ SİZLER SAG OLUN

  4. EMO GRIL dedi ki:

    MARAQLIDIR.TWK

  5. emo15 dedi ki:

    hmmmmm thank you

  6. ASKO dedi ki:

    xebere goretahnk you

  7. QISMET_1995 dedi ki:

    maraqli xeberdi

  8. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…

  9. Gunes dedi ki:

    xebere fgore tesekurler cox sevindim xeber ucun

  10. BlAcKsTaRiN dedi ki:
    Axaaa Zamiq qedew…..
  11. BadBoy dedi ki:

    Cox GoZel Tewekkurler..!