“Bəxt üzüyü” filmi

“Bəxt üzüyü” filmi

Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş «Bəxt üzüyü» filmi 1991-ci ildə çəkilmişdir. çoxlarının qınadığı sadə süjet xəttinə malik filmin uğuru obrazların dəqiq xarakterizə olunmasındadır. Filmdəki hadisələr natural fonda, sərbəst formada, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin tamaşaçı ilə sanki həmsöhbətmiş kimi, sadə insanların özlərinə məxsus psixologiyası, dili ilə şərh olunması onların dünyaya olan baxış tərzini məzhəkədən kənar səmimi qəbul etməmizə imkan yaradır.
Günün reallıqları, insanların anormal sosial durumu sivil dünyadakı qeyri-bərabərsizlik filmin qəhrəmanlarının həyat şəraitinin əsasını təşkil edir. Filmdə anlaşılmaz insan xislətinin dərinliyində yatan iblis xislətinə xəfifcə istehza, müdrik bir qınaq da var. İnsanların bir-birinə biganəliyi, XX əsrdə belə mövcud olan mövhumatçılığı (Söylünün yaxasından dua asması), savadsızlığı (Moşunun xoşbəxtlik sözünə günlərlə qafiyə axtarması), çağdaş həyat tərzini tənəzzülə aparan amil kimi filmdə tənqid atəşinə tutulur. İlk baxışda bütün bu sadalananlar filmin komediya motivi kimi nəzərə çarpsa da, hadisələrin axarında xüsusi bir ciddilik var. Məsələn, işsizliyin məngənəsində əzilən personajlar (Sara, Hüseyn, Zırpı və b.) həyatın gözəlliyini, şirinliyini doya-doya yaşamaqdansa, sadəcə, yaşamağa məhkum varlıqlardır. Sara həyatını başqalarının yataq dəstini yumaqla, Zırpı (Muxtar Manıyev) isə ətrafındakıların cahilliklərini, mənasız həyat tərzi sürmələrini seyr etməklə, işsiz Moşu bədbəxt həyatda xoşbəxtliyə qafiyə axtarmaqla, uşaq evinə atılan Hüseyn isə sərxoşluqla qurur.

Filmdəki ziddiyyətlərin kəskinləşmə səbəbi də burdan yaranır. Onların sosial durumları, daxillərində qaynayan aqressiyaları Saranın (Gülşad Baxşıyeva) bir sözünə görə bir-birilərini didmələrinə əsas verir. Əslində, biz bu biganəliyi filmin ilkin mərhələsində görürük. Özlərini bir ailə adlandırıb mehriban görünməyə çalışan insanların daxili mənliksizlikləri ağacın dibinə su tökmək istəməməkləri ilə məlum olur. Lal təbiətin gözəlliyinə səbəb olmayan şəxs yanındakı varlığın dirçəlişinə, ümumilikdə həyatın nizamlanmasında qətiyyən maraqlı ola bilməz. Filmdə bəşəri mövzular səslənməsə də, qlobal problemlərin əsasını təşkil edən biganəlik, əxlaqsızlıq filmin hər kadrında bizi təəccübləndirir, düşündürür. Hər gün ac Zırpının dolu stol ətrafına yığışıb qaqqıldaşan iş adamlarını seyr etməsi isə sosial bərabərsizlikdən xəbər verir. Həyatın nataraz küncündəki şən mənzərəni seyr etməyə məcbur olan Zırpının düşüncəli baxışlarını əks etdirən kadrlarda “biri yeyər, biri baxar, qiyamət ondan qopar” kəlamını görməmək mümkün deyil. Bu mənada “Bəxt üzüyü”nə ürəkdən gülmək olmur. İlk baxışda gülməli personajların xarici görünüşü, intellekt səviyyəsi, dünyagörüşləridir. Bir bağda cəmlənən prototiplərin simasında, dar çərçivədəki cahil cəmiyyətin cılız xüsusiyyətləri əks olunan kadrlarda komediya ilə faciənin müştərək ciddiliyini təşkil edən əsas amil müasir vətəndaş anlayışında heç bir tərəqqinin görünməməsidir.

Filmin kulminasiya nöqtəsində ağlı kəsəndən ailəsinin acı həyat fəlsəfəsi ilə tərbiyələnən azyaşlı qızın gecənin qaranlığında evdən çıxıb ağacın dibində yatması göstərilir. Əri Hüseynin sərxoşluğundan, bivecliyindən bitib-tükənən Sara qızının itməsini zənn edərək dəli kimi onu axtarmağa başlayır. Tapdıqdan sonra isə balasını qucaqlayan ananın kadrda xoşbəxt simasından həyatının nikbin faciəsi oxunur. Sara başa düşür ki, bu son deyil. Onu yaşamağa ruhlandıracaq, hər bir əziyyətə tab gətirə biləcək bir qüvvə, övlad sevgisi var. “Bəxt üzüyü”nün mahiyyəti də burda açılır.

“Bəxt üzüyü”nü bu mənada nikbin komediya adlandırmaq olmaz. Müasirlərini əks etdirən filmlər zamanında öz sözünü demiş olur. Bu film də obrazların xarakterləri vasitəsilə cəmiyyətdəki mövcud reallıqları, XIX əsrdə azadlığa, tərəqqiyə can atan qadınların mənəvi köləliyini, passivliyini, sosial mövqeyini qınaq obyektinə çevirir.
Komediya janrının qanunlarına dərindən bələd olan aktyor ansamblı pyesin ekran variantını doğru səciyyələndirərək hadisələrin emosional şərhinə nail olmuşlar. Filmin sərbəst naturada çəkilməsi isə mizanı, filmin ümumi ideyasını bayağılıqdan xilas etmiş olur.

Bağ evində olan yarımçıq tikililər öz həyatlarına, mədəni inkişaflarına biganə insanların xarakterlərini tamamlayır, qrotesk vəziyyətlərin başlanğıcına rəvac verir. Məsələn, sərxoş Hüseyn daim yarımçıq binanın dibində yatır, qatıq satan tez-tez alçaq hasardan boylanaraq, vaxtının çoxunu həyətdəkilərin qəribəliklərini seyr etməyə sərf edir və s. Bunlar gülməli olmasa belə, cəmiyyətin qeyri-normal xüsusiyyəti kimi hadisələrin təsviri fonunda qınanılır.

Qeyri-normal münasibətləri ilə cəmiyyəti qıcıqlandıran mənfi ünsürlər bu gün də tez-tez rastlaşdığımız müasirlərimizdir. Onların hər bir kiçik xüsusiyyətlərinin ümumi baxış formasındakı (kinoda) təhlili, tənqidi isə ictimai rəy yaradır, insanları qismən də olsa silkələyib düşünməyə vadar edir. Film-tamaşa kimi qəbul etdiyimiz “Bəxt üzüyü”ndə rejissor, mahir epizodik rollar ifaçısı olan Ramiz Əzizbəyli filmdə özü baş rola çəkilə bilərdi. Kiçik rollarla yaddaqalan xarakterik simalı aktyorun prototipləri məhz hadisələrin ardıcıllığına stimul verir. Filmin qəhrəmanı Söylü qaçarkən təsadüfi (?!) tipajı itələyib yıxır. Personajın əlində qırılan araq şüşəsinə baxaraq “neylədin ağəz” deməsi ilə sanki hər addımda ayağa dolaşan sərxoşların həyatdakı rolu müəyyənləşir.

Müxtəlif təhlil vasitələrinə əsaslansaq, filmdə zəif məqamlar tapmaq olar. Lakin hadisələrin mahiyyət etibarilə dövrünün nəbzini tutması, müasirlərini dəqiq, eyni zamanda komik nüanslarla xarakterizə etməsi bizi “Bəxt üzüyü”ndən küsdürmür, bezdirmir.

Müəllif: Şəhla BürcƏliyeva, kinoşünas
Mənbə: Mədəniyyət qəzeti

MURAD_X

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    Azeri filmlere hec baxmamiwam…

    Yene de cox saqol……….

  2. EMO GRIL dedi ki:

    MARAQSIZDI MEN AZERI KINO BAXMIRAM

  3. nurela dedi ki:

    bu filim qozel filimlerimizin 1 ci sirasindadir xeber ucun twk

  4. Pî§KøpÂT dedi ki:

    ela kinodu

    ela kinodu

  5. emo15 dedi ki:

    thank you super kinodu ay mosu

  6. ASKO dedi ki:

    baxmisam full kinoudu eziyyete gore tahnk you

  7. ZoRRo_BaKu dedi ki:

    Sitat: polo
    "Bəxt üzüyü"


    ele menimde

  8. SENSIZ HEYAT dedi ki:

    cox gozel filmdir buna defelernen baxmisham

  9. King_Of_THE_SKY dedi ki:

    SUPERRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR ELAAAAAA:DD

  10. Mix-Girl dedi ki:

    En gulmeli Azerbaycan kinolarindan biridir.Amma Ehmend haradadir filmini en coooxxx sevirem

  11. polo dedi ki:

    AZERBAYCAN FILIMLERINI SEVIREM AMMA BU KINODAN ELEDE XOWUM GELMIR

  12. :..Şans Mələyi..: dedi ki:

    yaxsi knodu. "Beyin ogurlanmasi" filmi haqqindada xeber olsaydi daha gozel olardi

  13. Pestimist... dedi ki:

    yukledim tesekkur…