Mayda niyə toy etmək olmaz?

Heç bir tarixi və mistik əsasını bilməsək də, ölkəmizdə may ayında toy keçirilməməsi adət halını alıb. Keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə adətə kortəbii olaraq, heç nəyə əsaslanmadan hər kəs əməl edir. Problemi öhdəmizə götürüb may ayının “ağırlığının” səbəbini öyrənməyə çalışdıq.

Fikrini öyrəndiyimiz astroloq Firudin Qurbansoy may ayının heç bir dini, psixoloji, astroloji əsasının olmaması ilə bağlı maarifləndirmə işləri aparılmasının vacibliyini bildirdi:

“May ayının toy etməməyə heç bir dəxli yoxdur. Amma yasaq aylar da var ki, məsələn, Ramazan ayında gündüzlər ibadətlə məşğul olmalısan, oruc tutmalısan, toy etməməlisən. Amma başqa aylarda bu cür yasaqlar yoxdur. Toyu hansı ayda istəsən, keçirə bilərsən. Hansı ayda olur-olsun, Allahın sənə qismət etdiyi ağıllı və ya ağılsız övladlar dünyaya gələcək. Xristianlıqdan gələn adət-ənənələrə riayət etmək xalqımız üçün düzgün deyil. Jurnalistlər bunun təbliği ilə tez-tez məşğul olmalıdırlar. Bu ayın heç bir dini, psixoloji, astroloji əsasının olmaması ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bunun kökləri daha qədimlərə gedib çıxır. Bu da xristianlığın ənənələri ilə bağlıdır: guya ki, mayda evlənərsən, sonra “miyoldaya-miyoldaya”, “zarıldaya-zarıldaya” qalarsan. Mayda toy etməmək Romadan qalan bir adətdir. Buna da bizim riayət etməyimiz heç bir fakta əsaslanmır”.

Əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov mayı ən uğurlu ay hesab edir: “Mən hesab edirəm ki, may ayı dünya azərbaycanlıları üçün ən gözəl aylardan biridir. Bu nə deməkdir ki, may ayında toy etmək olmaz? İyunda və digər aylarda toylar üst-üstə yığılacaq, onda necə olacaq? Bunların hamısı xristianların müsəlman xalqının haqqını azaltmaq üçün ortaya atdıqları oyunlarıdır. İki ay məhərrəmlikdə toy eləmə, bir ay orucluqda toy eləmə, mayda toy eləmə, avqustun istisində camaat bağlarda olur – bu da oldu beş ay. Fevral ayında da göydən qar yağar, yollar bağlanar, bu da altı ay. Bunlar nəyə lazımdır ki? Xoşbəxtlik aydan asılı deyil. Xoşbəxtlik insanın ağlından asılıdır.

May ayında dünyaya gələn insanların hamısı ağıllı, müdrik olurlar. Dünya çempionlarının əksəriyyəti məhz may ayında dünyaya göz açıblar. Onların valideynləri məhz may ayında ailə qurublar. İnsan orqanizmi qışda yatır, mayda isə oyanır. Ona görə də may ayı gözəl aydır. Mən mayı sevirəm. Ona görə də oğluma məhz mayda toy elədim. Allah qoysa, hər şey də yaxşı olar. Məhərrəmlik ayında, orucluq ayında toy eləmək olmaz, may ayında toy eləmək olmaz, amma konsertlər olur, restoranlarda yeyib-içmək, çal-çağır davam edir, hər şey olar, amma bəylə gəlin bir yerdə olsa, dünya dağılar? Əgər bu matəm ayıdırsa, matəm saxlanılmalıdır. Matəm deyilsə, onda necə olur ki, restoranların hamısında şadlıqlar olur, konsertlər keçirilir?..

…Bu baxımdan insanların gözləri açılmalıdır. Maarifləndirmə işləri aparılmalıdır. Onda məhərrəmlikdə qəzetlər çıxmasın, konsertlər, restoranlar da fəaliyyətlərini dayandırsınlar da. İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy eləmək olmaz və s. Bunlar lazımsız şeylərdir. Mənim anam ağır seyiddir. Özüm Allaha inanan insanam. Mənasız, lazımsız söhbətlərdən uzaq olmaq, lazımlılara riayət etmək lazımdır. Orucluqda müqəddəs günlərdə niyə televizorda, radioda konsertlər yayımlayırlar?”

Tanınmış müğənni Elariz Məmmədoğlu hesab edir ki, may ayında dünyaya gələn uşaqlar daha ağıllı və müdrik olurlar:

“May ayında toy eləməməyin heç bir əsası yoxdur. Mart, aprel və mayda təbiət oyanır. Sadəcə olaraq, bəzi düzgün olmayan inanclar var ki, onlar bizim mənəviyyatımıza, beynimizə daxil olub. Ruslarda bir söz var ki, “v maye budeş mayatsa”. Yəni mayda əziyyət çəkəcəksən. Bu sözün heç bir kökü yoxdur. Bu da azərbaycanlılara keçib. Bu fikirdən daşınmaq lazımdır. Mayda toy eləmək olar. Bundan əlavə, may ayında dünyaya gələn körpələr çox sağlam, düzgün inkişaf etmiş olurlar. Mənim nəvəm 2011-ci il mayın 22-də dünyaya gəlib. İnanıram ki, nəvəm də ağıllı uşaq olacaq. Mən hesab etmirəm ki, may ayı düşərsizdir. Ona görə də deyirəm ki, may ayı çox düşərli ay hesab olunur”.

Xalq artisti, müğənni Səməd Səmədov may ayını ən ruzili aylardan biri hesab edir:

“Mən hesab edirəm ki, may ayı iyuldan da, avqustdan da ruzili aydır. Əminəm ki, 5 ilə, 10 ilə may ayı toylarla dolu olacaq. İnsanlar digər aylarda toy etdikləri kimi, may ayında da xeyir işlər həyata keçirəcəklər. ümumiyyətlə, may ayı mənim üçün uğurlu aydır. çünki mayın 28-də qızım Xədicə dünyaya gəlib”.

Əməkdar artist Gülyaz Məmmədova may ayını toy etmək üçün ən münasib ay hesab edir: “Toy etmək üçün ən gözəl aylardan biri də maydır. Qarşıdan möhtəşəm Gül bayramı gəlir. Mədəniyyət və Turizm Nazirliyinin, demək olar ki, mühüm tədbirləri məhz may ayında olur. İsmayıllıda Mədəniyyət və Turizm Nazirliyinin VI ümumrespublika Muğam Müsabiqəsi məhz bu ayda keçirildi. Bir çox sənət yoldaşlarımla mən də həmin müsabiqədə iştirak etdik”.

Tanınmış müğənni Xuraman Şuşalı üçün may ayı əlamətdar aydır. Belə ki, onun övladı məhz mayda dünyaya gəlib.

“Mayın 29-da mənim övladım dünyaya gəlib. ümumiyyətlə, mayda toyların keçirilməməsi xəbərlərini yaymaq doğru deyil. Bu il ötən illərə nisbətən toyların sayı çoxdur. Həm fəsil, həm də ay baxımından mayda toy etmək yaxşıdır. Mən elə şəxs tanıyıram ki, toyu may ayında olub, hazırda üç övlad anasıdır, xoşbəxt də yaşayır. ümumiyyətlə, xoşbəxtliyi ayla və ya havanın isti-soyuqluğu ilə ölçmək düzgün deyil. May ruzi-bərəkət ayıdır. Təbiətin ən gözəl ayıdır. Artıq insanlar yavaş-yavaş bağ tədarükü aparırlar. Bağda dincəlmək üçün ən münasib ay maydır. Mən yeni klipimi də məhz bu ayda təqdim edəcəyəm. Bu ay mənim üçün ən uğurlu aylardan biridir”, – Xuraman Şuşalı deyib.

İslamda mayda toy keçirməmək qadağası yoxdur
Zabrat cümə məscidinin axundu Hacı Bəxtiyar mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdi:

“İslamda may ayında toy etmək olmaz kimi bir qadağa yoxdur. İmam Hüseynin şəhadət günü gəlib düşüb may ayına. Məhərrəmlik ayı maya düşəndə camaat toy eləməyib. Bu da bir dəfə baş verib. Amma dini baxımdan may ayında xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Məhərrəm ayı başqa aylara da düşüb. May ayına da. Bir il may ayında Məhərrəmlik olub. İnsanlar da elə başa düşürlər ki, mayda ümumiyyətlə toy keçirmək olmaz. Əgər belədirsə, onda gərək torpaqlarımızın işğal olunduğu günlərdə də toy etməyək”..

MURAD_X

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Tewekkurler xebere gore

  2. Slatkaya dedi ki:

    cox sag ol

  3. important life dedi ki:

    mugenniler ona göre mayda toydan yanadirlar ki, pulsuz qalmasinlar xD..Xeber maraqliydi..thanks

  4. Love Girl dedi ki:

    Maraqlidi…Amma mence bu bow sohbetdi

  5. merry-girl dedi ki:

    unu bilmirdimm maraqlidi

  6. Firdevs dedi ki:

    Allah bilen meslehetdi!

  7. Sweet_Love dedi ki:

    inanmiram bele menasiz inanclara nea . menim valideynlerim may ayinda toy edibler ozumde may ayinda doqulmuwam may ayinin neyidi ki lap eladi good

  8. mR_bAkiNec dedi ki:

    Belə şeylərə inanmıram..Sırf bu ay artıq 4 toyda fotoqraf olmuşam və ardıda var maşAllah..
    Yəni toya görə mənimçün ayda o qədər önəmli deyil,əsas olan bir yerdə olmağdı..
    Təşəkkür

  9. ZoRRo_BaKu dedi ki:

    Maraqli idi twk

  10. gizem dedi ki:

    men inanmiram bu weye menim xalamin mayda toyu olub indiyene qeder xowbextdirler