Qaraqandan 2 müsahibə daha

Müsahibə 1

Sizi tanınmış adam hesab etmək olar. Amma tanımayanlar üçün Qaraqan kimdir? Özünüzü necə təqdim edərdiniz?
Sadəcə Azərbaycan vətəndaşı.

Sizdə repə maraq hardan yarandı? Məsələn, siz estrada janrında da oxuya bilərdiniz,niyə məhz rep?
Rep özü qaradərili amerikan vətəndaşlarının öz vətəndaşlıq hüquqlarını tələb etdiyi bir dövrdə kütləvi şəkil almış bir musiqi növüdür. Və bu musiqi növünün əsas məğzi, əsas məqsədi düz sözü insanlara çatdırmaq və həqiqəti söyləmək olub. Yəqin ki, repə məni cəlb edən də onun musiqidən çox sözə yaradıcılığna aid bir sənət olmasıdır. Düzdü bu bizim yaşlı nəslin nümayəndələrinə qeyri ciddi bir iş kimi görünə bilər. Amma o vaxtlar Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadələr Molla Nəsrəddini nəşr edəndə onların da yaşlı nəsilləri barmaq ilə oları göstərib gülürdülər. Jurnal qəzet çıxarmağı Avropadan gəlmiş pis vərdiş kimi qiymətləndirirdilər. Elə indi də rep Azərbaycanda eyni problemi yaşayır. Yəni ki, eyni sözü kitabda yazsan olacaq ciddi ədəbiyyat, mikrofonla desən olacaq qeyri ciddi rep. Amma ki, sözün mahiyyəti eyni olaraq qalır.

Sizin mahnılarda bir etiraz, üsyan var. Nəyə etiraz edirsiniz?
Etiraz üsyan hər bir gəncin içində var. Yəni bunu həyati silkllərə, mərhələlərə böləndə belə 18- 21 yaş hr bir insanın üsyan etmə dövrü kimi qiymətləndirilir. Və hər bir gənc özünü dərk etmə və inkişafda bu mərhələdən keçməlidir. Bu belə desək evolusiyanın, inkişafın bir işartısıdı. Yəni, söhbət konkret bir üsyan və ya tənqiddən getmir, söhbət bütöv bir sosiumun köhnə mərhələdən yeni mərhələyə keçidinə təkan deməkdir. Məncə HOST olaraq biz sadəcə Azərbaycan gəncinin beynindəki musiqi çərçivələrini genişləndirdik. Musiqidəki mövzularda ciddiliyi artıra bildik. Bilmirəm nə dərəcədə rep ilə maraqlanırsız, amma Azərbaycan repində HOSTdan sonra fəlsəfi və ciddi mövzular daha çox istifadə olunmağa başladı. Bəlkə bu kiçik bir iş kimi görünə bilər. Amma 13-14 yaşlı uşaqları təsəvvür edin. Gördükləri yalnız çal-çağır və savadsız müəllimlər. Mən rusdilli kütləni demirəm. Rusdilli kütlənin həmişə öz intellektual biliyini artırmaq üçün istifadə etdiyi bədii filmlər, dərgilər və kitablar olub. Amma məhz müstəqilliydən sonrakı Azərbaycanda gənclərin inkişafı üçün o qədər də çox işlər görülə bilməyib. Və qəribə bir sindromla rastlaşırıq. Azərbaycan gənclərində “Dayazlıq” sindromu. Bizim əslində mübarizəmiz, üsyanımız və etirazımız da məhz dayaz beyinlərə, düşüncələrə qarşı olub.

Repdəki uğuru ədəbiyyatda da təkrarladınız. Roman yazmaq ideyası hardan gəldi?
Sözün düzü yazılarım uşaqlıqdan var. Yəni lap on il əvvəl də nə isə bir cızma qara edirdim. Nə isə yazmağı sevirdim. ümumiyyətlə ziyalı ailədə anadan olmuşam və uşaqlıqdan kitabların qoxusu ilə böyümüşəm. Yəqin ki, ilk olaraq yazdıqlarıma görə valideynlərimə borcluyam ki, hərdən topu, oyuncaqları əlimdən alıb mənə kitab verirdilər. Elə yazmaq arzusu da ordan gəmişdi. Oxuduqca öyrənirsən, öyrəndikcə bildiklərini palaşmaq istəyirsən. Mən də belə deyim, roman yazmaq yox, sadəcə paylaşmaq arzusu ilə başladım.

Milli Kitab Mükafatını qazanmağınız deyəsən özünüz üçün də gözlənilməz oldu…
Mən o vaxt hərbi xidmətdə idim və ümumiyyətlə sözün açığı müsabiqələrə və yarışlara birmənalı yanaşmamışam. Həmişə mənə elə gəlirdi ki, burda hansısa tanışlıq, qohumbazlıq, pul əsas amil olur. Amma birdən deyəndə ki, birinci yeri tutmusan əslində inana bilmədim. Və sadəcə sevindim ki, doğrudan da deməli hələ hər şey itirilməyib. Əslində bu mükafatı hansısa dahi bir sənətkar da ala bilərdi. Amma mənim bu mükafatı almağım məncə mənim kimi yüzlərlə gənci ilk dəfə olaraq qələmini götürüb yazmağa həvəsləndirdi. Yadıma gəlir, hələ lap əvvəllər belə müsabiqələrdən, nə bilim mükafatlardan gənc yazıçılar arasında söhbət düşəndə, uşaqlar gülə-gülə deyirdilər ki, əşşi kimdi ee bizə mükafat verən ən azı 50 yaşımız olmalıdı.

Hər zaman mahnılarda cəmiyyətdəki mənfi hallara qarşı çıxırsınız, ona görə də bu suala siz səmimi cavab verə bilərsiniz: Milli Kitab Mükafatının çatışmayan cəhətləri hansılardır?
Hər halda sizin də bəyənmədiyniz nüanslar olmamış deyil.
Vallah, yalandan nə deyim, mən o vaxt dediyim kimi əsgərlikdə idim. Heç xəbərim olmayıb kitab necə seçilib, kimlər seçib. Bircə onu bilirəm ki, deyəsən kitabları oxuyanların bir-birilərinin verdiyi baldan xəbərləri olmayıb. Nəsə bu cür şeylər, müsabiqə, seçki, münsiflər, sənəd-sünəd işləri həmişə mənim üçün qaranlıq qalıb. Sadəcə elə şeylərə çox diqqət eləyəndə ürəyim sıxılır elə Yazıçılarla olan iclaslarda da hamı başlayanda uzun uzun danışmağa darıxıb özümə hansısa bir oyun fikirləşirəm. Ya içəridə olan oturacaqları sayıram, ya pəncərədən bayıra baxıram. Müsabiqədə çatışmayan cəhət nəyi deyim vallah. Əvvəl Milli Kitab Müsabiqəsi yox idi, indi var. Burda pis nə ola bilər ki? Məncə daha yaxşı eləmək olar gələcəkdə. Amma bu da zamanla olan şeydi. İlk Oskar müsabiqəsi də indikilərdən çox zəif idi. Amma təzəcə nəsə bir yenilik cücərəndə bizim millət çalışır onun belini qırsın. Amma onun əlindən tutmaq lazımdı.

Ədəbiyyatdakı uğurunuz sizə qarşı tənqidi fikirlərin də meydana gəlməsinə səbəb oldu. Əsərinizi zəif hesab edənlər, mükafata layiq olmadığını iddia edənlər də oldu. Siz nə düşünürsünz, bu fikirləri eşidəndə? Bu fikirləri bir gəncin uğuruna qısqanclıq kimi qəbul edirsiniz, yoxsa həqiqətən tənqidlərlə razılaşırsınız?
ümumiyyətlə, özümə qarşı olan neqativləri sevməyən adamam. Tənqid yox, məhz neqativ enerji. Yəni əgər kiminsə sözündən mən pis olacamsa onu niyə dinləyim prinsipi ilə. Düzdü ölkəmizdə söz azadlığı var və hər kəsin istədiyi sözü demək hüququ. Amma eləcə də konstitutsiyada olmasa da hər kəsin “qulaq” azadlığı da var. Yəni istədiyi şeyi eşitmək və ya istəmədiyi şeyi eşitməmək hüququ. Mən də əsgərlikdən gəlib görəndə ki, hamı düşüb üstümə tənqid eləyir başımı götürüb getdim Avropaya. Kiyevdə oldum, ordan Odessaya, ordan Krima, sonra bir az aşağı, İstanbula düşdüm, gəzdim özümçün. 23 yaşım var, vaxtımı neqativ fikirləri oxumağa niyə sərf eləyim ki? Bəyəm dünyanın ən yaxşı yazıçısı olmaq istəyirəm ki, tənqidlərə qulaq asıb özümü düzəldim? Yox, öz oxucum mənə bəsdi. Kim də bəyənmirsə, özləri bilər mən belə şeylərə pis baxmıram. Hər dəfə kimsə gələndə ki, bax sənə aid tənqid yazıblar oxu- oxumuram. Tənqiddən qorxmuram sadəcə xoşuma gəmir. Qorxsaydım oxuyardım ki, tez cavab verim canım qurtarsın.

Siz necə fikirləşirsiniz: doğrudanmı hansısa gənc maraqlı bir bədii əsər yazsa onun həqiqətən maraqlı olmasını etiraf etmək üçün müəllifin nə vaxt qocalacağını gözləmək lazımdır?
Nə bilim vallah, bizdə bir az yaş sindromu qalmaqdadı. Bizim millətdə bu xüsusiyyət var. Amma onun da ömrü beş il ya on il olacaq. Dünya çox sürətlə inkişaf eləyir və qloballaşır. Bir azdan bizdə də bu məsələlələr həll olunacaq.

Hansısa partiyalara bağlı olan və ildə bir neçə kitab buraxanlar bu qədər hədəfə alınmır,amma tənqidçiləriniz sizi nəsə unutmaq istəmirlər, nədən irəli gəlir bu?
Yəqin görürlər ki, məndən bir səs çıxmır onlar da tənqid eləyir də. Belə baxanda burda nə pis şey var ki?
Onlar tənqid eləyir – onlara yaxşıdı
Mən tənqidləri oxumuram- mənə də yaxşıdı
Camaatın başı qarışır – camaata da yaxşıdı.
Kitab reklam olunur- kitaba da yaxşıdı
Hansısa qəzetlərin, saytların reytinqi artır- onlara da yaxşıdı.
Əgər hamıya yaxşıdısa niyə tənqid olmasın ki?

Azərbaycanın müstəqillik dövr ədəbiyyatında iz qoymuş hansı yazıçı və ya şairin, oxucu sevgisi qazana bilmiş hansı maraqlı əsərin adını çəkə bilərsiniz?
Düzünü desəm bizim ədəbiyyatı o qədər də çox oxumuram. Amma ən son kitablardan oxuduqlarım var. Xoşuma gələn şeylər də var. ümumiyyətlə artıq üç ildi demək olar ki, bədii ədəbiyyatdan elmi ədəbiyyata keçmişəm. Elmi əsərləri oxumağı çox sevirəm. Sənədli filmlərə baxıram. Elə bil hiss edirəm ki, beynimin daha çox informasiyaya ehtiyyacı var. Ya özümü dərk etmək üçün, ya yaradılışı dərk etmək üçün. Bilmirəm.. Amma Mayya ritualları, illuminatlar, Teslanın təcrübələri, Genetika kimi sahələr mənə qəmli sevgi romanından daha çox maraqlı gəlir.

Sizcə Yazıçılar Birliyi edə biləcəklərini edə bilirmi? Bu qurumun sədri kimi özünüzü təsəvür edə bilərsinizmi?
Yazıçılar Birliyinin цzvüyəm və ayda bir dəfə də olsa ora baş çəkirəm. Orda gənc yazıçı və şairlər var, içlərində dostum olanlar da var. Otururuq danışırıq, nəsə bir şey öyrənirik. Yazıçıya nə lazımdı ki, əsas həvəsdi. Yəni biz metal emalı zavodu tikmirik ki, Yazıçılar Birliyi qaldırıcı kranlar gətirsin, nə bilim böyük sponsorlar tapsın, BP ilə danışsın, Obamaya zəng eləsin ki, hər şey qaydasındadı hamısı yazır. Məncə yazmaq üçün bir qələm lazımdı bir də dəftər ikisi bir yerdə elədi 1 Azn. Yəni yaxşı əsər yazmaq üçün güclü bir dəstəyə ehtiyac yoxdu. Yaxşı əsər yazandan sonra da ehtiyac yoxdu ki, Yazıçılar Birliyi yazıçıya dayəlik eləsin, nə bilim ailəsini saxlasın onun, pencək alsın, papaq tikdirsin. Yaxşı əsər yazan elə öz əsərini satmaqla ona lazım olan hər şeyi qazana bilər. Mənim əsərlərim yaxşı satılır və gələcək əsərlər üçün lazım olan həvəsi də elə alıcılarımın dəstəyindən qazanıram. Burda qeyri adi heç nə yoxdu, sadəcə dəyər mübadiləsi baş verir. Mən onlara “dəyərli söz” satıram, onlar da pul verib mənə “dəyərli zaman” qazandırırlar. “Dəyərli Zaman” deyəndə mən pulu nəzərdə tuturam. Yəni kitablardan qazandığım pul mənə imkan yaradır ki, 8 saat hansısa bankda işləyib vaxtımı ona itirməyim. Oxucuların pulu ilə mən əlavə işə ehtiyyac duymuram, əlavə iş də məndən vaxtımı almır. Həmin boş vaxtı da mən yeni yazacağım əsərə sərf edirəm. çünki əsər yazmaq elə asan iş deyil, aylarla baş sındırırsan.

ümumiyyətlə yazıçıların hansısa qurumlarda birləşməsi zəruridirmi?
Deyə bilmərəm, bircə onu bilirəm ki, bizdə əsas çatışmayan qurum və ya mənim xəbərim olmadığım qurum bu kitabların mağazalara ötürülməsini təmin edən qurumdu. Yəqin bu işə nəşriyyat baxmalıdı. ümumiyyətlə Azərbaycandakı kitab dükanları və kitab satılan nöqtələrin siyahisi toplanmalı və onlara kitabların ötürülməsi bir mərkəzdən və ya bir neçə azad rəqabətdə olan qurum tərəfindən göndərilməsi təmin olunmalıdı. Yəni, gənc yazıçıların qarşılaşdığı əsas problem kitabların mağazalara ötürülmə poblemidi. Yazıçı kitabları belinə alıb qapı-qapı mağazalara rayonlara getməməlidi ki?
Bunu hanısa bir qurum edə bilər, öz faizini istəməklə. Bununla kitab biznesi də vergiyə düzgün oturar. Yoxsa açığına qalsa indi kim nə bilir ki, mən nə qədər kitab satmışam və vergidən yayınmışammı? Bunu necə müəyyənləşdirə bilərlər? Heç cür. çünki buna nəzarət eləyən bir qurum olmalıdı.

Sizin mahnıları gənclər çox sevirlər. Bəs romanınızı ən çox sevən kimlərdir? Həmçinin sizi dinləyənlər kitabınızı da sevərək oxuyurlarmı?
Oxucularla dinləyicilər bəzən eyni də olur, bəzən də elə adamlar olur ki, birini bəyənir o birini bəyənmir. Yəni insanlar müxtəlifdi, zövqlər müxtəlifdi. Elə də olur, belə də olur. Amma danmıram ki, repdəki “A” romanı olub və sonradan onlarda kitaba, elmə maraq oyanıb. Eləcə də ikinci romanım “Bir milyon dollarım olsaydı” da 2009-cu il nəşr olundu və elə “A” qədər də satılır. Camaat oxuyur da nə deyim.

Bu il də Milli Kitab Mükafatına iddialısınızmı?
Bilmirəm sözün düzü. Hərdən səmimi deyim içimdə elə fikir yaranır ki, ikinci romanımı ora versəm münsiflər görsə ki, bu mənim romanımdı, bəlkə sadəcə keçən ilki tənqidlərə görə mənə yaxşı qiymət verməyə cəsarət etməzlər. Sonra da baxıram ki, axı münsiflərdə elə adamlar yığışmayıb ki, boş tənqidlərə fikir verə. Başqa bir tərəfdən fikirləşəndə keçən dəfə birinci yer tutmuşam, bu dəfə iştirak eləyib 5-ci yer tutmağım mənə də sərf eləmir. Deyəcəklər ki, zəifləyib. Amma iştirak eləməsəm də deyəcəklər ki, qorxdu iştirak eləmədi. Ona görə bu vəziyyət mənə Məşədi İbadın papaq taxmaq səhnəsini xatırladır. “Belə qoysam, elə biləcək Bakı qoçusuyam, elə qoysam elə biləcək Şamaxı lotusu. Elə ən yaxşısı keçəl gedim”(gülür)

Hazırda hansısa yeni roman üzərində işləyirsiniz. O nə barədə olacaq?
“Bir milyon dollarım olsaydı” romanı müsabiqədə iştirak etməyib, onu təqdim edə bilərəm əslində. çox adam deyib ki, ikinci romanda dilim və təxliyyəm güclənib, nə yalan deyim özüm də hiss etmişəm ki, ikinci romanda daha çox inkişaf var. Təsirlilik olmasa da, dərinlik daha çoxdu.
Amma bundan başqa bu son ayda yeni bir roman bitirdim. Onu rusca yazmışam. Nə üçün rusca yazdığım bilirəm ki, mübahisə doğura bilər. Sadəcə bəzi hisslər və fikirlərim var ki, onları rusca daha yaxşı ifadə edə bilirəm. Məncə burda pis bir şey yoxdu. Dillər insan üçün yaradılmış alətlərdi. Hamısından da istifadə eləmək hüququmuz var. Allah bizi dil üçün yaratmayıb ki, dili bizim üçün yaradıb da.
Yeni romanın mövzusu bir az qəlizdi. Burda bir çox qərəzli məqamlara toxunmuşam və sözün düzü Azərbaycan oxucusu üçün bir az yeni və bir az vaxtından tez gəlmiş mövzu olacaq. Camaatın reaksiyası bir az qorxudur məni. Amma bir şeydə əminəm ki, yazdığım bu roman indi Azərbaycan gənclərinə çox lazımdı.

Oxucularınıza Yeni il qabağı nə sözünüz var?
Nə deyim. Hər halda yazıçı və repçi olduğum üçün yəqin ki, Yeni illə bağlı da “Düz Söz” deməliyəm:
“Şaxta Baba zad yoxdu- sizi aldadırlar!”(gülür)

Müsahibə 2

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci ümumrespublika Teatr Festivalı davam edir. Festivalla bağlı AZXEBER.COM portalı HOST qrupunun rəhbəri, tanınmış reper Elxan Qaraqandan eksklüziv müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik…

-Vətənpərvərlik mövzusunda I ümumrespublika teatr festivalı keçirilir. Səmimi etiraf et, gənc yazar kimi bu festivala qoşulardın?

Qeyd edim ki, festivalın keçirilməsini təqdirəlayiq hal hesab edirəm. Bu festivalın yaradıcı gənclər üçün uğurlu olacağına əminəm. Qaldı ki, öz iştirakıma, əgər 2 il bundan öncə belə bir festival keçirilsə idi, böyük məmnuniyyətlə iştirak edərdim. Amma hazırda işlərim çox olduğuna görə iştirak edə bilmədim

-Bəlkə populyarlığın sənin festivala sadəcə iştirakçı kimi qoşulmağına mane olur? Yəni HOST-un məşhur lideri və birdən qalib olmadı…

Xeyr, mən bunun səbəbini belə əlaqələndirməzdim.

-Qaraqan üçün vətənpərvərlik nədir?

Mənim üçün vətənpərvərlik vətənini sevmək və ona daim sədaqətli olmaqdır.

-Vətəni sevmək yoxsa vətənə xidmək etmək?

Məncə vətəni sevmək.

“Vətən üçün ölmək lazım deyil…”

-Bir çox gənclər vətəni sevməyi mutləq şəhid olmaqda görür.

Məncə vətəni sevməyini sübut etmək üçün ölmək lazım deyil, əksinə yaşamaq vacibdir. Kor-koranə ölməkdən söhbət gedir. Yaşayaraq vətənə daha çox şey vermək olar.

-Vətən üçün yaşayan Qaraqan hərbi xidmətdə olarkən ölümlə üzləşib?

Mən hərbi xidmətimi Naxçıvanda çəkmişəm. Elə anlarım olub ki, səngərdə düşmənlə üz-üzə durmuşam. Əgər o an qarşımdakı erməni snayper sevgilisindən ayrılma xəbərini eşitsə idi, məni öldürə bilərdi.

-Belə çıxır ki, səngərdə sevgi vətənpərvərlikdən üstündür?

Bu insanların psixologiyasından asılı olan bir şeydir. Hər kəsin sevgi anlayışı müxtəlifdir.

-Bəs o xəbər sənə gəlsə idi, sən həmin snayperi öldürərdin?

Düzü bilmirəm. O anı indi təsəvvür etmək çox çətindir.

-Əsgərlikdən öncəki və sonrakı Qaraqan. Onlar fərqlənir?

Əsgərlikdən əvvəl mən romantik düşüncəli biri idim. Etiraf edim ki, əsgərlikdən döndükdən sonra ümumi düşüncələrim tamam dəyişdi. Bu sadəcə düşdüyüm mühitlə əlaqər idi. Əvvəllər fikirləşirdim ki, bəzi filmlərdə gördüyüm kimi, məşhur repçi olduğuma, bəzi düşüncələrimə görə problemlərlə üzləşəcəyəm. Məni hətta döyüb ya videomu çəkib, internetdə yayımlayacaqlar. Ancaq tam fərqli oldu. Hərbi qulluqda olduğum Naxçıvanda mənə çox böyük hörmət edildi. Hətta orada olduğum müddətdə əsgər dostlarım məni ailələri ilə tanış edib tez-tez qonaq çağırırdılar. Bu məni çox sevindirdi.

-Hərbi xidmətdə əsgərlər başlarını daz edirlər. Qaraqan əsgərlikdə saçları ilə birlikdə Bakıdan gətirdiyi düşüncələri də itirdi?

Əslində mühit tam fərqli olduğu üçün bu mənim düşüncələrimdə təsirsiz ötüşmədi. Ancaq əsas odur ki, mən əsgər olaraq öz borcumu yerinə yetirmək üçün ora getmişdim.

“Bizdə qızlar azadlıqlarını uzun yubkalarında, kişilər isə bığlarının arxasında gizlədiblər.”

-Hərbi xidmətdə vətən üçün həqiqətən canından keçməyə hazır olan gənclər çox idi?

Bəli…Var idi… Lakin baxır bu pafosdan doğur ya şüurdan…Bilirsiniz, bizdə insanların bəzilərinin düşüncəsi get-gedə çox bəsitləşir. çünki cəmiyyətimizdə qızlar öz azadlıqlarını uzun yubkalarında, kişilər isə bığlarının arxasında gizlədiblər. Bizim düşünmək problemimiz var. Gənclərdə hazırda bu problem özünü daha çox göstərir.

“Biz sekslə ta məşğul olmuruq.”

-Məsələn, gənclərdə daha çox nəyi bəyənmirsən?

Mən sizə adi misal çəkim. Bu saat Bakının ortasına yadplanetlilərə məxsus bir “tarelka” düşsə, bizim gənclər tez öz mobil telefonlarını çıxardıb onun şəklini çəkəcəklər. Ancaq bu Amerikada baş versə, gənclər üzərində “Welcome to America” – şüarı yazılan plakatlarla onları salamlayacaqlar. Bax, bizim fərqimiz budur.

-Bu fərqlilik bizim əlimizdən nələri alıb?

çox şeylərimizi! Məsələn, hər bir gənc qız və oğlan evlənəndən sonra sekslə məşğul olurlar. Bu təbiidir. Statistikaya görə isə bizdə prezervativ satışı cəmi 0,03 faiz təşkil edir. Burdan belə çıxır ki, deməli bizim əhali sekslə məşğul olmur. Amma biz dindar ölkə də deyilik. Bir sözlə biz nə sekslə, nə də dinlə tam məşğul olmuruq.

-Qaraqan olaraq arxanda böyük gənc kütlə dayanıb. Əgər sən hansısa trekində “Sabah gedək Qarabağı alaq” desən, fanatların arxanca gələrmi?

Xeyr, inanmıram ki, gələrlər.

“Fanatlarımın fikri mənim üçün önəmli deyil.”

-Bəs fanatlarının fikri sənin üçün önəmlidir?

Xeyr, önəmli deyil. Mən istədiyimi və düşündüklərimi yazıram. Mən hətta belə deyərdim: “Əvvəl yaz, daha sonra yazdığını düşün”.

-Bu yaxınlarda müsahibələrinin birində qeyd etmisən ki, bir gündə 20 qız mənimlə yatmağa hazırdır. Həmin qızları tək-tək tanıyırsan?

Hə, hazırdılar. Qaldi ki, sualına, yox… Tanımıram…

-Sənin replərində cəmiyyətə, ailəyə, böyüyə üsyan notları var və bu da bəzi gənclərdə pessimist düşüncələrin formalaşmasına gətirib çıxardır. Treklərinin təsiri altına düşüb, ailəsindən ayrılan gənc qız Qaraqanın yanına gəlsə, Qaraqan onu qəbul edərmi?

Baxır onun ailəsinə. Birdə ki, mən bir məsələyə aydınlıq gətirim ki, replərimdə Mən heç vaxt “Ailəni burax, yanıma gəl” – deməmişəm.

“Biz hər gözəl qadın görəndə anamızı söyürük?”

-Bəzi gənclər var ki, Avropaya gedəndən sonra Azərbaycanı bəyənmirlər. Həmin gənclərə nə demək istərdin?

Bəyəm biz hər gözəl qadın görəndə anamızı söyürük? Təbii ki, o bizim anamızdır. Hər dəfə biz bu cür etinasızlıq etsək, bizim həyatımızda heç vaxt bir qadın olmayacaq. Anamız isə bizim üçün hər zaman dünyanın ən gözəl qadınıdır. Deməli Vətən də!

SEBERT

Şərhlər:

  1. Love Girl dedi ki:

    Hovselem catmadi oxuyum…eziyyete gore tewekkur canim

  2. mR_bAkiNec dedi ki:

    Sonadək oxudum..
    Super QaraQan : )

  3. ZoRRo_BaKu dedi ki:

    xmmm Qaraqana evveller azda olsa qulaq asirdim thanxx..

  4. DaRk_AnGeL dedi ki:

    Az da olsa oxudum təşəkkürlər

  5. New_Moon dedi ki:

    Ela Repleri Var Esasda Siyasete Giriwende Xowum gelir Xebere Gore Cox Sagol

  6. CooL_Man dedi ki:

    xowlamiram bunu … :\\
    eziyete gore thanx 🙂

  7. polo dedi ki:

    cox uzundu ona gore oxumadim amma bilirem ki bir ara hacansa lazim olacaq bow olanda ona gore oxuyaram ..))

  8. Umidlerin izi ile dedi ki:

    Oxumaqa sebrim yoxdu sonra baxacam emeye hormet tewekkur..

  9. Slatkaya dedi ki:

    oxudum twk host superdi

  10. Ninaska dedi ki:

    yalan nie dim oxumadim.. ama qaraqandan xoshum geliir wiyinka

  11. Yasaksin_kalbime dedi ki:

    oxumaga heves yoxdu bagiwla.eziyyete gore tewekkurler

  12. EnD_Of_TiMe dedi ki:

    bu ne yaaa bunu indi bawlasam oxumqa sabah axwama bitirerem cox gumanki tesekkurler xebere gore

  13. SEBERT dedi ki:

    oxusazda oxumasazda beyensezde beyenmesezde yene de tewekkur