İslanmış ümidlər küçəsi

Alovunu seyr etdiyim vərəqlərdə məhv oldu düşüncələrim. Hansı mövzu haqqında nə düşündüyümü yalnız kül olmuş kağızlar bilirdi. Hərdən gülümsəmək istəyirəm, keçmişi xatırlayıb gülümsəmək. Lakin, gələcəkdə yada salıb gülə bilmək üçün heçnə yoxdur keçmişimdə. Bəlkə də var, mən xatırlamıram. Ya da xatırlamaq istəmirəm. Əslində söhbət heç də gülümsəməkdən və ya keçmişdən getmir. Mən sadəcə səhv yerdəyəm deyəsən. Gələcəyimi düşündüyüm kimi etmək üçün bu yer mənə heçnə verməyəcək. Cadugər olmaq istəyən biri kitablarda nə axtarır? Nə öyrədəcək düşündürmək? Nə gətirəcək anlatmaq? Heçnə. Düşünürəmki, mən heçkiməm. Arzusunu gerçəkləşdirmək üçün çalışmayan bir “heçkim”. Qəribə bir vəziyyətdir bu. Nə etmək istədiyini və nə etdiyini bilirsən, amma bunlar tamamilə ayrı sferalardadır. Sən etdiyinlə hər şeylə etmək istədiyindən uzaqlaşırsan. Dərənin dibinə enərək zirvəni görmək olmaz. Bu sadəcə mümkün deyil. Yer kürəsinin əksinə fırlanması kimi. Son söhbətimizdə “Qələmini vərəqlərlə qovuşdur” demişdi otağımın divarları. “Ağlına gələn ilk şeyləri yaz” demişdi. Mənsə “istəmirəm” demişdim. çünki ümumiyyətlə son günlərdə bir sual narahat edir məni. Bakı səhrada olsaydı biz yenə dənizi sevərdikmi? Yəqinki yox. çünki səhrada yaşayanlar dənizi duzlu su yığını hesab edə bilər. Necəki dəniz sahilində yaşayan ailəm səhranı “qum dənizi” adlandırır. Niyə “qum dənizi”? Bəlkə dəniz “su səhrasıdır”? Hə, biz səhrada yaşasaydıq dənizi su səhrası adlandırardıq. Dəniz çox gözəl, sakitlik gətirən su səhrasıdır. çox gözəldir dəniz. Amma dənizin gözəl olması səhranı çirkinləşdirmir. ümumiyyətlə dəniz və səhranın bir-biri ilə nə əlaqəsi ola bilər? Məncə çox əlaqəsi var. çünki dənizin dibində islanmış səhra var. Onu heç kim görmür. Hiss edir, amma o haqqda düşünmür. Qulaqlarına icazə ver, duysun dünyanın fəryadını. Heç düşünmüsənmi ki, dünya milyon illər boyu öz oxu və günəş ətrafında fırlanmaqdan sıxılıb? Bəs sən? Sonsuzluğa qədər eyni həyatı yaşamaqdan bezməyəcəksənmi bir gün? Mən də düşünürəm bunu. Hər gün eyni şeylər, hətta hər gün fərqli şeyləri yaşamaq belə sıxıcı gələcək bir gün. Məncə belə olmalıdır. Ehh, Şopen, sən də anlamırsan indi məni. Hər zaman notlar ilə ruhumu danışdıran sən, indi anlamırsan məni. çünki bəzən sözlər də notlar qədər danışa bilir. Səliqəsiz düşüncələr sahibi bir insan isə, bunların heç birinə heç nə izah edə bilməyəcək. Bu vərəqlərin alovunu seyr etdiyim gün görüşərik səninlə, Şopen müəllim. Hələlik.
Rəhim yazısının son sətrini də oxuyub qurtarandan sonra Zaur müəllimin üzünə baxaraq sakitcə dayandı. Zaur müəllim biraz düşündükdən sonra, Rəhimə baxıb dedi:
– Bilirsən, Rəhim, sən də doğru deyirsən. Amma bir şeydə var. İstədiyin vaxt bunu dəyişə bilərsən. İstədiyin yerdə ola bilərsən. Bu yazdıqlarınsa, mənasızdır. İnsanlara onların qəbul etdiyi həqiqətlərdən danış. Bakı sakinlərini səhranı sevməyə məcbur edə bilməzsən. Başa düşürsən? Bu işin qaydaları var. çox möhkəmlənmiş, illərdir, hətta yüzillərdir qəbul edilmiş qanunlar. Sən öz düşüncələrini dedikcə, öz dövründə yoxsan.
– Zaur müəllim, mən özümü heçnəyə görə dəyişməyəcəm. Düşündüklərimi necə izah edəcəyimi özüm bilərəm. Bunu oxuyarlar, bəyənməsələr, bir daha mənim adımı gördükləri yerə baxmazlar. Öz seçimləridir. Sizdən xahişim sadəcə bunu redaktora çatdırmağınızdır.
– Yox, Rəhim. Olmaz. Mümkün deyil bu. Mən bunu edə bilmərəm.
– Elə deyirsinizsə, elədir Zaur müəllim. Necə istəyirsiniz. İcazənizlə.
Rəhim artıq neçənci dəfə idi ki, bu otaqdan əlində “lazımsız” adı almış yazı ilə çıxıb, boş dəhlizlə çıxışa doğru gedirdi. Bu rəddedilmənin bir sonu olmalı idi tezliklə. Binanın çıxış qapısından 10 addım uzaqlıqda dayanıb yazısına bir daha baxdı. Pıçıltı ilə “Sən mənimsən, başqa heçkim başa düşməz” deyib paltosunun iç cibinə qoydu yazını. Bir siqaret yandırdı və geriyə baxmadan yağışdan islanmış küçə ilə evinə doğru getdi. Yol boyu beynində qarışıq düşüncələr fırlanırdı. çox qarışıq. Rəhim nə haqqında düşündüyünü özü də bilmirdi deyəsən. Yaşadığı binanın qarşısında dayanıb pəncərəsini seyr etməyə başladı, heç vaxt kənardan baxmamışdı mənzilinə. Xəyalında pəncərədən otağa tamaşa etdi, heç də cəlbedici deyilmiş otağı. Artıq neçənci olduğunu xatırlamadığı siqareti söndürüb binaya daxil oldu.
Binadan çıxan Rəhim dərhal redaksiyanın yerləşdiyi binanın istiqamətini tutub yola düşdü. İndi düşüncələr daha aydın idi. Hava Rəhimə ilham verirdi sanki. Hər addım özündən əvvəlkindən inamlı atılırdı. Redaksiyaya atılan son addımda o özünə çox inanırdı. Zaur müəllim Rəhimi görəndə başı ilə salam verib,
– Necəsən, fanatik? – dedi
– Yaxşıyam, Zaur müəllim, siz necəsiniz?
– Həmişəki kimi, yenə yazı gətirmisən?
– Hə, yeni yazıdı, sizin bəyənəcəyinizi düşünürəm.
– Buyur, başla, təki sən deyən olsun.
Rəhim bu dəfə oturduğu yerdə deyil, ayağa qalxıb yazını oxumağa başladı.
“Sahildən dənizi seyr etməkdə idi gənc oğlan…

Müəllif: İsmət Əhmədov

İsmət

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Təşəkkürlər

  2. ...::EMERALD::... dedi ki:
    ELLERINE SAGLIQ.MARAQLIDI
  3. Hilary Duff dedi ki:

    Superrrrr Tewekkurler….

  4. mR_bAkiNec dedi ki:

    Bəyəndim

  5. Black Life dedi ki:

    eladi twk