Hz. Həsən (ə)

TӘVӘLLÜDÜ VӘ UŞAQLIĞI

Üçüncü
hicri ilinin mübarək Ramazan ayının 15-də həzrət Әli əleyhissalamın
evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri
ilə nəvəsinin adını Həsən qoydu. Imam Həsən (ə) atası Әli (ə) və anası
Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də
atasının məktəbindən elmi dərslər aldı.

O, Peyğəmbər (s) nəzərində
çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə həzrət
Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini
duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra
yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual
verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə
bilmirəm».

Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan
sonra imam Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə,
Həsəni də sevsin».

Bir dəfə isə həzrət Peyğəmbər (s) Həsən
əleyhissalamı çiyni üstə götürüb belə buyurdu: «Allahım, bu uşağın
sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən)
təmizləyəcəksən».

Başqa bir hədisində isə belə buyurub: «Həsən və
Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə
mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır».

Başqa
bir hədisdə isə: «Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki,
Allahın cənnəti onlarla fəxr edir» – deyə buyurmuşdur.


ELM VӘ ӘXLAQI

Bir
gün Peyğəmbər (s) məscidində qoca bir kişi düzgün olmayan bir şəkildə
dəstəmaz alırdı. Imam Həsən (ə) ona dəstəmazının səhv olduğunu başa
salıb anlatmalı idi; amma necə? Әgər ona desəydi ki, dəstəmazın
səhvdir, onda qəlbi sınar, yaxud narahat olub qəbul etməyə bilərdi. O,
qardaşı imam Hüseyn (ə) ilə birlikdə belə qərara gəldilər ki, özləri
dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik
etməyə çağırsınlar.

Imam Həsən (ə) imam Hüseynə (ə) dedi: «Mən səndən daha yaxşı dəstəmaz alıram».
Imam Hüseyn (ə) isə onun cavabında: «Yox, mən səndən daha yaxşı dəstəmaz alıram» – dedi.
Ikisi
də qoca kişinin yanına gəlib dedilər: «Bizim dəstəmaz almağımıza baxıb,
hansımızın daha düzgün dəstəmaz almağımızı söylə». Sonra dəstəmaz
almağa başladılar. Özü də dəstəmazlarını düzgün və tam şəkildə yerinə
yetirdilər.

Qoca kişi başa düşdü ki, onlar onun doğru dəstəmaz
almadığını demək istəyirlər. Buna görə də onlara belə dedi: «Ikinizin
də dəstəmazı düzdür. Dəstəmaz almağı düzgün bilməyən cahil isə mən
idim. Siz məni başa salmaq istəyirdiniz. Mən də sizə minnətdaram».


TƏVQA VƏ İXLASI

Imam
Həsən Müctəba (ə) camaatdan daha artıq abid və zahid idi. Həcc
mərasimini yerinə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz
qılanda, ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb
bədəni titrəyər və buyurardı ki, Allahın əmanətini əda etməyin vaxtıdır.

Məscidə
girib mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı:
«Allahım, hüzurunda duran şəxs Sənin qonağındır. Sənin günahkar bəndən
Sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki Sən
rəhman və rəhimsən».


HӘZRӘTIN SӘBRI

Imam
Həsən (ə) bir gün atla bir küçədən keçərkən, Müaviyənin dostlarından
biri ilə rastlaşdı. Həmin adam onun Imam Həsən (ə) olduğunu biləndə pis
sözlər söyləyərək o həzrəti təhqir etməyə başladı. Həzrət (ə) isə onun
söylədiklərini dinlədikdən sonra buyurdu: «Güman edirəm ki, sən
qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olmusan
onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurubdur.
Әgər bir ehtiyacın vardırsa həll edək, acsansa doyduraq, paltarın
yoxdursa paltar verək, yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə
aparıb qonaq saxlayım».

Həmin adam, imamın bu rəftarından utanıb
söylədiyi pis sözlərdən peşman oldu. O, gördüyü işdən o qədər narahat
olmuşdu ki, ağlaya-ağlaya imamdan üzr istəyib dedi: «Düşmənlərinizin
sözləri məni aldatmışdı. Bundan qabaq ən çox kin-küdurət və ədavət
bəslədiyim adamlar sən və atan idiniz. Indi isə sənin bu gözəl əxlaqını
görəndən sonra ən çox sevdiyim adamlara çevrildiniz. Artıq anladım ki,
sizin ailəniz Peyğəmbərin xəlifəliyinə layiq olan bir ailədir. Ömrüm
boyu sizləri sevəcək və sizin haqqınızı müdafiə edəcəyəm.»

Bu kişi ölənə qədər verdiyi sözün üstündə durdu.

IMAMIN SӘXAVӘTI

1.
Bir nəfər imam Həsən əleyhissalamın hüzurana gəlib dedi: Yoxsulluq və
bədbəxtlik məni incidir. Ismət və təharət ailəsi olan sizlər, məni bu
zalım düşmənin əlindən qurtarın.

Həzrət imam Həsən əleyhissalam
xidmətçisini çağırıb ondan «yanında nə qədər pul var?» – deyə soruşdu.
Xidmətçi: Әlli min dirhəm — deyə cavab verdi. Imam Həsən (ə) buyurdu:
«O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə
çevrilsin, qoy yoxsulluqdan qurtarsın».

2. Bir gün imam Həsən
əleyhissalam Allah evində ibadətə məşğul ikən bir kişinin dua edib belə
söylədiyini eşitdi: «Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey
rəhman və rəhim, (mehriban və bağışlayan) Allah, bu ne᾽məti mənə nəsib
eylə!» Bunu eşidən imam Həsən əleyhissalam evə qayıdıb istədiyi məbləği
o kişi üçün göndərdi.

3. Günlərin bir günündə yoxsul və kasıb bir kişi imam Həsən əleyhissalamın hüzuruna gəlib aşağıdakı şe᾽ri oxudu:
Heç
bir şeyim, hətta bir dirhəmim belə qalmadı. Satmaq üçün artıq
heysiyyətimdən başqa bir şeyim yoxdur. Sənin onu alacağını bilirəm.

Həzrət Həsən (ə) dərhal xidmətçisini çağırıb belə buyurdu: «Yanında nə qədər pul varsa, ver bu adama.»
Xidmətçi
o adama on min dirhəm pul verdi. Həzrət (ə) isə ona belə deyib üzr
istədi: «Sənə verə biləcək yalnız bu qədər pulum var idi. Onu al və
özünə maya et və elə bu pulla da öz ehtiyaclarını tə᾽min elə. Beləliklə
yoxsulluqdan qurtaracağını ümid edirəm».

Yuxarıda qeyd etdiyimiz bu
bir neçə hekayə göstərir ki, imam Həsən əleyhissalam xalqın axirətini
düşündüyü kimi, dünyasını də nəzərdə tuturdu. Çünki dünya ilə axirət
bir-birilə əlaqədardır. Bə᾽zən yoxsulluq və aclıq bə᾽zi adamların
axirət haqqında düşüncələrinin qarşısını alır.

Onun köməklikləri nəinki xalqı dilənçilikdən azad edirdi, üstəlik onlar üçün iş və çalışmaq zəmini də yaradırdı.

IMAM HӘSӘN ӘLEYHISSALAMIN XӘLIFӘLIYI

Hicri
40-cı ilin Ramazan ayının 21-ci gecəsi atası Әli ibni Әbu Talib (ə)
vəfat edərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan imam
Həsən əleyhissalam xalqla birlikdə məscidə gələrək minbərə çıxdı və
atasının şəhadəti haqqında belə buyurdu: «Dünən gecə sizin aranızdan
elə bir insan getdi ki, həm keçmişdəkilər, həm də gələcəklər arasında
elm, təqva və davranışında yeganə və nümunəvi bir şəxsiyyət idi.
Peyğəmbər (s) ilə birgə müharibələrdə iştirak edib, islamın qorunması
uğrunda əlindən gələni əsirgəməmişdi. Düşmənlərin gözündə tikan,
dostların könlündə isə solmaz bir gül idi. Әlinin, ailəsinə xidmətçi
tutmaq üçün yığdığı 700 dirhəmdən başqa dünya malından heç bir şeyi yox
idi.»

Bu sözləri deyib qurtardıqdan sonra hönkür-hönkür ağlamağa
başladı və camaat da ona qoşuldu. Daha sonra camaatın imamət və
rəhbərlik məqamının özünə aid olduğunu anlamaları və beləliklə də doğru
yoldan çıxıb zəlalətə, azğınlığa düşməmələri üçün özü haqqında belə
buyurdu:

«Mən Peyğəmbərin, Әlinin və Fatimənin oğluyam. Mən
nübüvvətin parlaq nurlarından bir nümunəyəm. Elə bir ailəyə mənsubam
ki, Allah onlardan bütün pislikləri uzaqlaşdırıbdır.»

Daha sonra
Abdullah ibni Abbas ayağa qalxıb dedi: «Ey camaat! Bu, Peyğəmbərimizin
və imamınızın oğludur. Bilin ki, o, Әlinin haqq xəlifəsidir. Ona bey᾽ət
edin.»

Camaat dəstə-dəstə imam Həsənə bey᾽ət etdilər. Bu zaman
həzrət imam Həsən (ə) onlarla belə bir şərt bağladı: «Hər kimlə
müharibə etsəm, müharibə edəcək, yox əgər məsələhət görüb sülh etsəm
onda siz də qəbul edəcəksiniz». Hamısı bu şərti qəbul edib razılıqla öz
imamlarına boyun əydilər.


MÜAVIYӘNIN HIYLӘLӘRI

Müaviyə
Şamda özü üçün bir hökumət qurmuşdu və illərlə Әli əleyhissalamın
əleyhinə müxtəlif plan və hiylələr quraşdırırdı. Әli əleyhissalamın
əshabını öldürərək azğın bir qrup olan xariciləri meydana gətirmişdi.
Indi isə xalqın həzrət Әli əleyhissalamın şəhadətindən sonra həzrət
Həsənə bey᾽ət edərək onu Peyğəmbərin xəlifəsi seçdiklərini eşidib bu
vəziyyəti qəbul edə bilməyən Müaviyə Kufə və Bəsrəyə çoxlu casus
göndərib əhvalatı öyrənmək, daha sonra da imam Həsəni (ə) devirmək üçün
müxtəlif hiylə planlarını hazırlamaq, lazım gəlsə üsyan və həcr-mərclik
yaratmaq istəyirdi.

Imam Həsən (ə) casusları tutub e᾽dam etmələrini
əmr etdi. Sonra da Müaviyəyə aşağıdakı məzmunda məktub yazdı. «Ey
Müaviyə! Casus göndərib hərc-mərclik törətmək istəyirsənmi? Güman
edirəm ki, müharibə xəyalına düşmüsən və müharibəni sevirsən. Mən
hazıram. Gözlə, müharibə yaxındadır, inşaallah…

Ey Müaviyə!
Təəccüblənirəm ki, layiq olmadığın bir məqamı zorla ələ keçirmək
niyyətindəsən. Nə dində bir fəzilətin var, nə də xoş bir əsərin…
Müsəlmanlar mənə bey᾽ət etdilər. Әgər sən də onlar kimi etsən, bu
islamın məsləhətinə uyğun olacaq. Batilin dalınca düşmə. Sən də başqa
adamlar kimi mənə bey᾽ət et. Müsəlmanların qanına hörmət et, ehtiram
qoy. Әgər mənim nəsihətlərimi qəbul etməyib üsyana qalxsan və müsəlman
qanı töksən, müsəlmanlarla əlbir olub səni məhkəməyə çəkəcəyik».

Müaviyə
isə imamın məktubuna belə cavab verdi: Әbu Bəkr öz təcrübəsinin
çoxluğuna görə xəlifəliyi Әlidən aldığı kimi, mənim də təcrübəm səndən
çoxdur və bu məqama səndən daha layiqəm. Әslində sən mənə bey᾽ət
etməlisən. Beləliklə xəlifəlik məndən sonra sənin olacaq və mən ömrüm
boyu Iraqın bütün gəlirini sənə verəcəyəm.

Müaviyə nəinki bey᾽ət
etmədi, üstəlik imamı öldürtmək üçün Kufəyə casuslar da göndərdi. Bu da
səbəb oldu ki, həzrət Həsən (ə) namaz qılanda paltarının altından bir
də zireh geymək məcburiyyətində qalsın. Bir dəfə Müaviyənin göndərdiyi
satqın adamlardan birisinin atdığı ox zirehə dəydi və bununla da imam
Həsən (ə) böyük təhlükədən qurtardı.


MÜHARIBӘNIN BAŞLANMASI

Çox
keçmədi ki, Müaviyə müsəlmanların birliyini tə᾽min etmək bəhanəsi ilə
Islamla müharibə etmək üçün Iraqa böyük bir ordu göndərdi. Imam Həsən
(ə) Müaviyə ordusunun hərəkət etməsinin xəbərini eşidən kimi, camaatı
məscidə çağırıb minbərə çıxdı. Allaha həmd və Peyğəmbərə salavat və
salam göndərdikdən sonra xalqa xitab edib buyurdu: «Müaviyə ordusu ilə
birlikdə Iraqa tərəf gəlir. Müharibə üçün hazır olmağınız, dininizi və
şərəfinizi qorumağınız zəruridir».

Amma o zamanın pis və
rahatlıqsevən xalqı imam cavab vermədilər. Әdiyy ibni Hatəm xalqın
arasından ayağa qalxıb orada olanlara belə dedi: Siz necə millətsiniz?
Bu ölümü yada salan səssizlik nə deməkdir? Nəyə görə imama,
Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Allahın əzabından qorxun və
imamınızın əmrinə tabe olun. Qalxın kişi kimi silah götürüb şərəf,
namus və dininizi müdafiə edin. Beləliklə Allah və imamınızı özünüzdən
razı salın.

Bu sözlər bə᾽zilərində böyük tə᾽sir qoydu. Nəhayət, xalq müharibə üçün hazır olduğunu e᾽lan etdi.
Әdiyy ibni Hatəm imama xitab edərək buyurdu: Biz hazırıq və sənin bu barədəki əmrlərini gözləyirik.
Həzrət
imam Həsən (ə) buyurdu: «Mən Nüxəylə tərəfinə gedirəm. Bilərəm ki,
sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Amma buna
baxmayaraq kim istəyirsə, mənimlə gəlsin.»


IMAMIN ӘMRINDӘN ÇIXMAQ

Imam
Həsən (ə) Nüxəyləyə çatdığı vaxt «müharibə, müharibə!» şüarını
verənlərin əksəriyyətinin orada olmamasını və onun əmrinə itaət
etməkdiklərini gördü. Çünki orada olanlar aşağıdakılardan ibarət idi:

1. Imamın əmrinə itaət etmək üçün deyil, Müaviyə ilə döyüşmək üçün gələn xaricilər.
2. Müharibədə qənimət əldə etmək üçün gələnlər.
3. Qəbilələrinin başçısının əmrini yerinə yetirmək üçün gələnlər.
Buna
görə də belə buyurdu: «Məni də məndən əvvəl imam olan atam kimi
aldatdınız. Imamla, yoxsa Allah və Peyğəmbərinə inanmayanlarla müharibə
aparacaqsınız?»

Sonra Həkəm adlı bir kişini sərkərdə seçərək dörd
min əsgəri onun sərəncamına verdi və onu Anbar şəhərinə göndərdi ki,
orada Müaviyənin qoşununun qarşısını alsın və növbəti əmrlərini
gözləsin. Amma Müaviyə pul və yalan və᾽dələrlə Həkəmi aldatdı və o, 200
nəfərlə birgə Müaviyə ordusuna qoşuldu.

Imam (ə) Bəni Murad
qəbiləsindən bir nəfəri onun yerinə seçib buyurdu: «Hərçənd sizə də
e᾽tibar etmək olmaz. Amma bu bir imtahandır, siz də gedin». Müaviyə
onun gəldiyini eşidən kimi bir neçə nəfər nümayəndə və beş min dirhəm
pul göndərib ona hökumətlik və᾽dini verdi. O da aldanıb Müaviyə
ordusuna qoşuldu.


IMAMIN RUHDAN DÜŞMӘSI

Imam
Həsən (ə) sərkərdərlərin Müaviyə ordusuna qoşulduğu xəbərini eşidəndə
çox narahat olub buyurdu: «Mən demədimmi ki, sizdə vəfa yoxdur və hiylə
ilə rəftar edirsiniz?»

Nəhayət həzrət Həsən (ə) belə qərara gəldi
ki, özü əsgər yığıb müharibəyə getsin. Әshabının köməkliyi ilə qırx min
nəfər toplanmışdı. Imam (ə) Mədainin Sabat şəhərinə gedib, oradan on
iki min əsgəri qabaqcıl olaraq, fədakarlıq və əhval-ruhiyyələrini
sınamaq üçün Übeydullah ibni Abbasın sərkərdəliyi və Qeys ibni Sə᾽d
ibni Übadənin müavinliyi altında, Müaviyə ilə müharibə etməyə göndərdi.

Müaviyə bir milyon dirhəm verib bə᾽zi mə᾽murları imamın ordusuna göndərdi ki, Qeysi aldatsınlar. Qeys isə qəbul etməyib dedi:
Müaviyə bunu bilsin ki, dinimi məndən pulla satın ala bilməz. Mən heç bir hiyləyə aldanıb imamımdan əl çəkmərəm.
Mə᾽murlar
Qeysdən ümidlərini kəsdilər və əsl sərkərdə olan Übeydullah ibni
Abbasın yanına gəlib onu aldatmağa müvəffəq oldular. Übeydullah ibni
Abbas gecə ikən dostları ilə birgə Müaviyənin tərəfinə keçdi. Imamın
ordusu başsız qaldığı üçün Qeys onun yerinə keçib camaat namazını
qılandan sonra sərkərdə oldu.

Qeysin fədakarlıqla döyüşməsi
Müaviyəni dəhşətə salmışdı. Nəhayət Müaviyə ordunun arasına casuslar
göndərərək, Müaviyə ilə Imamın barışdığı və burada olanlarla yersiz
döyüşdüyü şayiəsini yaydı. Bununla da Müaviyə xariciləri imamdan ayırıb
aldatmağa müvəffəq oldu və onları imamla düşmən etdi.


XARICILӘRIN QIYAMI

Bu
axmaq dəstə Müaviyənin casuslarının sözlərinə inanıb imamın əmrini rədd
edərək, guya imamın da atası kimi kafir olduğunu və Müaviyə ilə
əməkdaşlıq etdiyini e᾽lan etdilər. Onlar imamın çadırına həmlə edərək
əllərinə keçəni qarət etdilər, hətta Imamın səccadəsini belə ayağının
altından çəkib apardılar.

Nəticədə imam Həsən (ə) oranı tərk etmək
məcburiyyətində qaldı. Səhabələrdən bir dəstə onun ətrafında ikən atını
mindi. Elə bu vaxt xaricilərdən biri gizləndiyi yerdən çıxıb imamı
yaraladı. Imamı dostlarından birisinin evinə aparıb müalicə etdilər. Iş
o yerə çatmışdı ki, imamın sərkərdələrinin çoxu gizlincə Müaviyəyə
məktub göndərib ona: Biz sənin əmrinə itaət edirik. Tezliklə Iraqa gəl.
Bu imamı tutub sənə təhvil verəcəyik — deyə və᾽dlər verirdilər. Müaviyə
həmin məktubları öz məktubu ilə bir yerdə imama göndərib məktubunda
belə yazdı: «Bunlar sənin atana vəfa etmədilər, səninlə də birlikdə
olmayacaqlar. Indi səninlə müqavilə bağlayıb müharibədən əl çəkməyə
hazıram.


IMAM HӘSӘN (Ә) SÜLHÜ NIYӘ QӘBUL ETDI?

Xaricilərin
əməlləri və dostlarının xəyanəti həzrət Həsən əleyhissalamı Müaviyə ilə
sülh etmək məcburiyyətində qoymuşdu. Amma imamın onunla sülh etməsi bu
demək deyildi ki, Müaviyəyə tabe olub onun zülmkarlığını qəbul etmişdi.
Bu yalnız Müaviyə ilə atəşi dayandırmağa dair müqavilə bağlamaq
mə᾽nasında idi. Çünki əgər Müaviyə müharibədə qələbə çalsaydı, islamın
bütün hədəfləri məhv olub aradan gedəcəkdi.

Bundan əlavə Rum imperatoru islam ölkəsinə həmlə etmək fikrindəydi və bu ixtilaf onun üçün böyük bir fürsət idi.
Dərd
və həsrətdə qovrulan imam Həsən (ə) qəm və kədərlə ilə vəfasız əshabına
qarşı belə buyurdu: «Bilirəm ki, siz mənə hiylə və kələk qurubsunuz.
Həyasız və dinsiz bir dəstə məni tamamilə Müaviyəyə təslim etdi. Vay
olsun sizin halınıza! Allaha and olsun ki, Müaviyə verdiyi sözlərə vəfa
etməyəcəkdir. Mən sizin üçün haqq dini bərpa etmək istəyirdim, amma siz
mənə yardım etmədiniz. Mənə qarşı çıxıb xəyanət etdiniz. Sizin bu
əməlləriniz məni müqaviləni imzalamağa məcbur etdi. Allaha and olsun
ki, əgər köməyim olsaydı, bu işi Müaviyəyə həvalə etməzdim. Çünki mən
xəlifəliyi Bəni Üməyyə üçün haram bilirəm. Bu yaxınlarda Müaviyənin
rəftarlarının acı nəticəsini dadacaqsınız».

Imam saziş etmək
məcburiyyətində qaldığına görə Müaviyəyə belə bir məktub yazdı: «Mən
haqqı yaşadıb batili məhv etmək niyyətimdə idim. Allahın kitabı və
Peyğəmbərin sünnəsini xalqa hakim etmək istəyirdim. Amma xalq mənimlə
eyni fikirdə olmadı və məcbur qaldığım üçün səninlə sülh edirəm. Bu
sülh üçün bir sıra şərtlər qoysam da, sənin onların heç birinə əməl
etməyəcəyini çox gözəl bilirəm. Amma çox keçməyəcək ki, bunun sənin
üçün heç bir faydası olmayacaq və öz işindən peşman olacaqsan.»

Sonra
əmioğlusu Әmr ibni Harisi müzakirə edib imamın şərtlərini bəyan
etdikdən sonra sülh müqaviləsini imzalamağa göndərdi. Həmin müqavilənin
bir neçə maddəsi bunlardan ibarət idi:

1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq;
2. Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər;
3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək;
4. Imamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar;
5. Imam (ə) Müaviyəni «əmirəl-mö᾽minin» olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək;
6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.

MÜAVIYӘNIN�MÜQAVILӘNI POZMASI

Müqavilənin
imzalanmasından sonra Kufə Müaviyənin diqqət mərkəzinə çevrildi. O, bir
cümə günü Nüxəylədə cümə namazı əsnasında belə dedi: Ey camaat! Mən
sizin namaz qılmağınız, ya da oruc tutmağınız üçün müharibə etmədim.
Sizlər istəməsəniz belə, sizin hökmdarınız olmaq üçün müharibə etdim.
Mən, Həsən ibni Әli ilə imzaladığım müqavilənin maddələrini ayağım
altına qoyub əzirəm.

Lakin Müaviyənin bir sıra rəftarları onun,
imamın nüfuzundan çox qorxduğunu aydın göstərirdi. Buna görə də
müqavilənin bə᾽zi maddələrini həyata keçirmək məcburiyyətində qaldı.
Misal üçün Kufənin valisi Ziyad imamın əshabından birisini tutdurmaq
istəyəndə, imam (ə) əhvalatı Müaviyəyə yazdı. Müaviyə də dərhal Ziyadı
bu işi üçün məzəmmət edib danladı.

Nəhayət Müaviyə özündən sonra
oğlu Yezidi xəlifə tə᾽yin etmək qərarına gəldi. Amma həzrət Həsən
əleyhissalam ilə imzaladığı müqavilə ona mane olurdu. Buna görə də
xalqdan zorla bey᾽ət almaq və oğluna bu iş üçün yol açmaq məqsədi ilə
imamı zəhərlətmək istəyirdi. Bu məqsəd istiqamətində də imamın arvadı
Cü᾽dəni aldadaraq ona bir qabda zəhər göndərdi və və᾽d etdi ki, əgər
ərini zəhərləsə, ona yüz min dirhəm verib oğlu Yezidə arvad edəcək.


XAIN ӘL IMAMIN QABINA ZӘHӘR TÖKDÜ

Şeytani
vəsvəsələr, pul və şöhrət imamın arvadının gözünü tutub qəlbini kor
etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti
həyata keçirib Müaviyənin bu murdar təklifini qəbul etsin. Imam Həsən
(ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi. Ona
«indi ki, belədir onu boşa və evindən qov» demişdilər, amma o həzrət
(ə) belə buyurmuşdu: «O, hələlik bir günah etməyib, buna görə də əgər
onu qovsam, yaxşı iş görməmiş olaram. Çünki o, bu işi bəhanə edərək
«məni günahsız olduğum halda evdən qovdu» – deyəcək və bununla da
xəyanətini gizlədib öz gördüyü işin doğru olduğunu iddia edəcək. Bunu
bilin ki, Müaviyə öz xəyanətli əməllərindən əl çəkməyəcək və mən
arvadımı boşasam da, məndən əl götürməyib özünü məzlum göstərərək
planını həyata keçirməyə cəhd göstərəcəkdir».

Nəhayət Cü᾽də hicri
50-ci ilin Səfər ayının 28-də, havanın çox isti və imamın oruc olduğu
bir gündə, onun süd içdiyi qaba zəhər töküb, iftar üçün hüzuruna
gətirdi.

Imam (ə) zəhərli süddən bir az içdikdən sonra arvadına
tərəf dönüb buyurdu: «Ey Allahın və Peyğəmbərin düşməni, məni öldürdün,
Allah səni öldürsün. Allaha and olsun ki, sən və Müaviyə zəlil
olacaqsınız.» O həzrətin dediyi kimi də oldu. Çox keçmədən Cü᾽də
Müaviyənin sarayından qovulub öldü. Müaviyə də ağır bir xəstəliyə
tutulub öldü.

Həzrət imam Həsən (ə) vəfat etdikdən sonra Mədinədəki
Bəqi qəbristanlığında torpağa tapşırıldı. Allahın və Peyğəmbərin salam
və rəhməti onun pak və təmiz ruhuna olsun.

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Admin dedi ki:

    MAraqlidir hamiya meslehet gorurem oxumagi

  2. Rena_786 dedi ki:

    Cox sag ol ))
    forgenc

  3. MILAQROS dedi ki:

    Admin,
    cox twk.

  4. Devil_666 dedi ki:

    twkler allah razi olsun

  5. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

  6. Miss_Azericka dedi ki:

    twk Cox sag Ol twk give_rose give_rose give_rose