ETİRAF
Özüntək qəlbin də gözəldir, gülüm,
Əcəb yaradıbdır yaradan səni!
Yadımdan çıxmırsan, bu fani dünya,
Çıxartı qarşıma haradan səni?!
Mən bilməzdim dəyişərəm bu qədər,
Mən bilməzdim daş ürəklər əriyər!
Ayaqları sındırılmış məhəbbət,
Bir gün yenə ayaq açar, yeriyər!
O baxış ki, ilk sevginin iziymiş,
Heç yadımdan çıxmadı ki, neyləyim?!
Mən çox dedim ötəridir, keçəcək,
Ürək sözə baxmadı ki, neyləyim?!
Yoxluğun şam kimi əritdi məni,
Keçdin xəyalımdan pərvanələrtək!
Nə olar, yaxın gəl, tut əllərimdən,
Dayanma uzaqda biganələrtək!
Səni əzizlərəm baxışlarımda,
Çəkmərəm gözümü gözündən bir an!
Öl desən, ölərəm, qal desən, qallam,
İnan ki, çıxmaram sözündən bir an!
Tutsam əllərindən ağlarcasına,
Versəm ürəyimi məndən alarsan?!
Desəm, gəl yanıma! Sevirəm səni…
Unudub hər şeyi, mənim olarsan?!
26 yanvar,2011,Bakı
Şahin İlqar
Yenilənib: Noyabr 1, 2015
Etiketlər: cumlelermenaliseirsevgisozler
Heqiqetende gozel weirdi. Tewekkur
Beyendim seirini
Təşəkkür edirəm. Çox sağolun.